NATO-nun Uels sammiti başladı

4 Sentyabr 2014 12:03 (UTC+04:00)

Anspress-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin də qatıldığı sammitdə NATO-ya üzv və qeyri-üzv ölkələrin dövlət başçıları iştirak edəcək. BMT və Avropa İttifaqından olan yüksək vəzifəli şəxslərlə yanaşı, sammitə ISAF-da iştirak edən ölkələrin, Əfqanıstan və Yaponiyanın dövlət başçıları da qatılıb.

4-5 sentyabr tarixlərində baş tutacaq sammitdə cari və gələcək təhlükəsizlik çağırışlarına dair qərarlar qəbul ediləcək. Sammitin gündəliyinin əsas mövzuları Ukraynada baş verən hadisələr, Yaxın Şərqdə və Şimali Afrikada artmaqda davam edən ekstremizm və məzhəb qarşıdurmaları olacaq.

İŞİD-in Suriya ilə İraqın ərazilərinin bir hissəsində yaratdığı qəddar "İslam xilafəti"nin müzakirəsi isə sammitin ən vacib mövzusu olacaq. Sammitin diqqət mərkəzindəki əsas mövzu İŞİD-la mübarizə məsələsidir. NATO müttəfiqlərinin iştirakı ilə bu silahlı qruplaşmaya qarşı ümumi strategiya yaratmaq niyyətindədir.

Sammitdə Koalisiya qoşunlarının Əfqanıstandan çıxarılması məsələsinə də baxılacaq.

Qarabağ münaqişəsinə dair məsələnin NATO sammitinin yekun bəyannaməsində yer alacağı istisna edilmir.

Uelsdə start götürən NATO sammitində dünyanın 60-a yaxın lideri, o cümlədən 4 minə yaxın nümayəndə iştirak edir. Kollektiv təhlükəsizlik mövzusunda keçirilən sammitdə gündəmə bir sıra aktual məsələlər çıxarılacaq. Şimali Atlantika Alyansının dövlətləri Ukraynanın Şərqindəki vəziyyətlə bağlı Avropanın təhlükəyə düşməsindən narahatdır.

NATO rəhbərliyi Rusiyanı silahlılara dəstək olmaqda ittiham edir. Rusiyanın dəvət edilmədiyi sammitdə Ukraynaya hərbi yardım məsələsinin gündəmə gətiriləcəyi gözlənilir.

Sammit çərçivəsində ABŞ-ın dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti danışıqları planlaşdırılıb. Rəsmi Bakı və İrəvan bu görüşün mümkünlüyü barədə hələlik açıqlama verməyib.

AzNews.az