NATO zirvəsində Ukrayna müzakirələri - Şok nəticə…

4 Sentyabr 2014 18:33 (UTC+04:00)
"Qərb Rusiya ilə savaşmayacaq"
"Reuters" agentliyi NATO-nun Uels sammitinin 4 sentyabrdakı işi ilə bağlı geniş yazı hazırlayıb. Yazıda daha çox Ukrayna böhranına NATO-nun verdiyi önəm geniş işıqlandırılıb.

Agentlik bildirir ki, Ukrayna prezidenti Petro Poroşenko Qərb liderlərindən dəstəklə bağlı ifadələr eşidib. Ukraynada separatçıların uğur qazanmasının arxasında isə Rusiya dayanır. Qərb ölkələri bu məsələdə yekdil rəyə malikdirlər. Rusiya sərhəddə qoşun toplayır. Və bu Berlin Divarları yıxılandan sonra Moskvanın beynəlxalq səviyyədə baş vurduğu ən ciddi qarşıdurmadır.

Agentlik yazır ki, Qərb Ukraynaya sözdə dəstək verdi, həmçinin Moskvaya qarşı iqtisadi sanksiyalar tətbiq etdi. Ancaq Qərb onu da birmənalı qeyd etdi ki, onlar Ukraynaya görə Rusiya ilə müharibəyə qalxmayacaqlar. Mart ayında Krımın işğalından sonra Ukraynanın iki rusiyapərəst vilayətində vəziyyət daha da mürəkkəbləşib.



Ukrayna prezidenti Petro Poroşenko zirvə toplantısı zamanı ABŞ prezidenti Barak Obama, Almaniya kansleri Angela Merkellə, Fransa Prezidenti Fransua Ollandla və digər Qərb liderləri ilə görüşlər keçirib. Ukrayna prezidenti həmçinin zirvə toplantısına ev sahibliyi edən Böyük Britaniyanın Baş Naziri David Kameronla da bu mövzuda söhbət edib.

Fransa Moskvanın qonşu Ukraynada törətdiyi hərəkətləri ilə əlaqədar olaraq Rusiyaya Mistral hərbi gəmilərinin çatdırılmasını təxirə salıb. Bu işdə prezident Olland xüsusi rol oynayıb. Agentlik vurğulayır ki, elə buna görə də Moskva Fransa prezidentini ABŞ-ın təzyiqi ilə belə bir addım atmaqda ittiham edib.



"Fransanın nüfuzu Amerikanın ambisiyalarının güdazına getdi. Bu ölkə öz öhdəliklərinə sadiq etibarlı tərəfdaş imicini əldən verdi ", Rusiya xarici işlər nazirinin müavini Maria Zaxarova Facebook səhifəsində belə yazıb.



Agentlik qeyd edir ki, son bir neçə gündə Moskvadan ziddiyyətli siqnallar gəlib. Bir həftə boyunca münaqişə ilə bağlı kəskin fikirlər səsləndirən Vladimir Putin çərşənbə günü Petro Poroşenko ilə danışıqları zamanı sülh təşəbbüsündə bulunub. Rusiya ilə diplomatik əlaqələrlə bağlı qapını açıq saxlamaq istəyən Ukrayna prezidenti öz saytında hətta bəyan etdi ki, atəşkəs qüvvəyə mindi.



Ukraynanın baş naziri Arseniy Yatsenyuk isə Putinin təşəbbüsünü rədd etdi və bildirdi ki, əslində bu "sülh təşəbbüsü ilə" Putin Ukraynanı dağıtmaq, əvəzində isə Sovet İttifaqın bərpa etmək məqsədi güdür.

Ukrayna üsyançıları dünənə qədər Moskva tərəfindən dəstəklənən beynəlxalq terrorçu adlandırırdı və onlarla hər hansı danışıqlara getməkdən imtina edirdi. Ancaq sonradan prezident ümid etdi ki, Kremlin müdafiə etdiyi sülh təkliflərini separatçılarla müzakirə etmək olar.



Bu həftə Rusiya tərəfdarı olan separatçıların tələbləri xeyli dəyişdi. Əvvəl müstəqillik tələb edən separatçılar indi Ukrayna daxilində müəyyən status almağa maraq göstərdilər. Putinin sülh təklifi Ukrayna əhalisinin onda birini təşkil edən bu vilayətlərin Moskvanın nəzarətində saxlanılmasına imkan verir. Həmin vilayətlərin iqtisadi payına isə Ukrayna iqtisadiyyatının əhəmiyyətli hissəsi düşür.



Nəticə budur ki, ortada atəşkəsin heç bir əlaməti gözə dəymir. Hökumət qüvvələri Donetski atəşə tutub. Separatçılar deyiblər ki, münaqişə mənbəyi olan iki vilayətdən Ukrayna ordusu çəkilməyənə qədər onlarla etibar etmək olmaz. O da maraqlıdır ki, separatçılar indi həmin iki vilayəti "Yeni Rusiya" adlandırırlar. (Müsavat)

AzNews.az