Rusiyanın beynəlxalq axtarışa verdiyi cərrah danışdı (Yenilənib)

5 Sentyabr 2014 14:42 (UTC+04:00)
16:18

Rusiya Federasiyası azərbaycanlı həkim, plastik cərrah Elçin Məmmədovu İnterpol vasitəsilə beynəlxalq axtarışa verib.

APA-nın xəbərinə görə, 1973-cü il təvəllüdlü Rusiya vətəndaşı Elçin Vəli oğlu Məmmədov barəsində məlumatlar İnterpolun saytında yerləşdirilib. O, bir nəfərin ölümündə, bir neçə nəfərin isə şikəst edilməsində şübhəli bilinir. Rusiyanın "Komsomolskaya pravda" qəzeti E.Məmmədovun hazırda Azərbaycanda olduğu barədə məlumat yayıb. Qeyd edək ki, 6 il əvvəl Elçin Məmmədov Moskva sakini Anna Spitsina üzərində plastik əməliyyat keçirib. Əməliyyatdan sonra Anna komaya düşüb və elə həmin gün həyatını itirib. Bundan başqa, həmyerlimiz bir neçə qadını əməliyyat edərkən onları şikəst edib.

"Komsomolskaya Pravda" qəzetinin yazdığına görə, E.Məmmədovdan şikayətçi olan insanlar uzun müddət onun məsuliyyətə cəlb edilməsi üçün mübarizə aparsalar da, buna nail ola bilməyiblər. Həmin vaxt E.Məmmədovun Moskvada nüfuzu böyük olub. Onu mərkəzi televiziyanın verilişlərinə qonaq, ekspert qismində dəvət edirlərmiş. Bundan başqa, E.Məmmədov Rusiya Prezidentinin İşlər İdarəsinin nəzdində olan "Lantset" klinikasında (Volınskaya xəstəxanası) və Semaşko Klinik Xəstəxanasının nəzdində olan Estet-Klinikada plastik-cərrah kimi çalışıb. İstintaq materiallarına görə, E.Məmmədov tibbi təhsil alması ilə bağlı sənədləri saxtalaşdırıb. Hətta onun Moskvada saxta cərrah sertifikatının vaxtını da uzadıblar. Moskvanın Simonovski Rayon Məhkəməsi onun barəsində qiyabi həbs qərarı çıxarıb, lakin təhqiqat işi təqsirləndirilən şəxsin axtarışı ilə əlaqədar dayandırılıb. Məlum olub ki, E.Məmmədov 2012-ci ildə Azərbaycana qaçıb və oradakı klinikaların birində işə düzəlib.

Zərərçəkən Kiril Spitsin iki il ərzində Elçin Məmmədov barəsində axtarış materiallarının İnterpola verilmədiyini öyrənib. "Komsomolskaya pravda" qəzeti Rusiya İstintaq Komitəsindən və Moskva Şəhər Prokurorluğundan Elçin Məmmədov barəsində axtarış materiallarının İnterpola verilməsini xahiş edib, bundan sonra İnterpolun rəsmi saytında Elçin Məmmədovun beynəlxalq axtarışa verilməsi ilə bağlı məlumat yerləşdirilib.

***
16:42

Rusiyanın "Komsomolskaya pravda" qəzeti 2007-2012-ci illərdə Moskvada işləyən plastik cərrah Elçin Məmmədovu dələduzluqda və insan ölümündə günahlandıraraq İnterpol tərəfindən axtarışa verildiyi barədə məqalə hazırlayıb.

Qəzet "Estet klinika" və "Lanset" klinikasında çalışdığı zaman plastik cərrahiyyə aləmində "rəssam" kimi tanınan doktorun bir neçə qadını bədbəxt etdiyini, birini isə öldürdüyünü yazır. Cərrahın Moskva sakini Anna Spitsına üzərində uğursuz əməliyyat keçirdiyini və xanımın bu günə qədər komada olduğunu iddia edilir. "KP" həmçinin bildirir ki, 2012-ci ildən sonra Elçin Məmmədov həbs olunacağını bildikdən sonra Rusiyadan qaçaraq Azərbaycana gəlib.

ANS PRESS araşdırması isə digər məqamları üzə çıxardı. Məlum olub ki, professor Elçin Məmmədov Azərbaycana qayıtdıqdan sonra bu günə qədər Bakıda yerləşən "Caspian İnternational Hospital"da estetik cərrah vəzifəsində işləyir. ANS PRESS müxbirinin suallarını cavablandıran Elçin Məmmədov İnterpol xətti ilə axtarışda olmasına aydınlıq gətirib.

"Mən çox məşhur cərraham, dünyanın bir çox ölkələrindən əməliyyat olunmaq üçün mənim yanıma gələnlər var. Məhz buna görə də orada işləməyim üçün klinikanın rəhbərliyi mənimlə əlaqə saxlayıb razı saldı. Orada əməliyyat zamanı anestezoloq dozanı artıq etdiyinə görə Anna Spitsına komaya düşüb. Burada mənim heç bir günahım yoxdur. Bu hadisədən sonra mən həmin klinikadan ayrılmaq istədiyimi bildirdim. Onlar dedilər ki, əgər getsəm baş vermiş hadisəni mənim üzərimə atacaqlar. Əlbəttə ki, mən bunlara fikir vermədim və çıxıb getdim. Annanın həyat yoldaşı Kirili polis bölmələrinə və televiziyalara çağıraraq tələb edirlər ki, onların istədiklərini desin. Kirilin burada heç bir rolu yoxdur. Məhkəmə keçirildi və qərar çıxdı ki, mənim günahım yoxdur Anna anestezoloqun günahından bu vəziyyətə qalıb", - deyə Elçin Məmmədov bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Rusiyada İnterpolun axtarışa verdiyi azərbaycanlı cərrahın kliinakada çalışmasına aydınlıq gətirib. Mətbuat katibi bildirib ki, Səhiyyə Nazirliyi özəl müəssisələrin kadr siyasətinə müdaxilə etmir. "Birinci növbədə bu haqda başqa qurumlar maraqlanmalıdır, Səhiyyə Nazirliyi axtarışda olan insana görə cavabdeh deyil", - deyə Anar Qədirli bildirib.

Məsələ ilə əlaqəli olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla də əlaqə saxladıq. Ehsan Zahidov bildirib ki, Elçin Məmmədovun işi ilə bağlı araşdırma aparılır.

AzNews.az