Azərbaycanda mal-qara, pul, qızıl və avtomobil oğruları tutuldu
6 Sentyabr 2014 12:09 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Rafiq Mürşüdova məxsus 1 baş inəyini oğurlayan Çanaqçı kənd sakinləri Ramin Bayramov və Yolçu Rəhimov tutulub.
Aparılan əməliyyat tədbirləri ilə onların, cari ilin iyul ayında rayon sakinləri Rasim Yusifova məxsus 1 baş qoyunu, Polad Sadıqova, Tahir Rzayevə və Faiq Rəhimova məxsus hərəsinin 1 baş inəyini oğurlamaları da müəyyən edilib.
Dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsində isə naməlum şəxs Bakı şəhər sakini Qabil İsayevin içərisində 100 dollar və 15 manat olan pul kisəsini soyğunçuluq yolu ilə ələ keçirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şabran rayon sakini Emin Mirzəyev tutulub və ondan 5,77 qram marixuana götürülüb.
Digər oğurluq hadisəsi isə Göyçay və İsmayıllı rayonlarında baş verib.
Belə ki, Göyçay RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Nurlan Nuriyevə məxsus avtomobildən 63 manat oğurlamış rayon sakini Rəşad Rəhimov tutulub.
İsmayıllı RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Rəmziyyə Məmmədovanın 78 manatını və qızıl əşyalarını dələduzluq yolu ilə almış Bərdə rayon sakini Səadət Məmmədova saxlanılıb.
Amid
AzNews.az