Bakı-Qazax magistral yolunda dəhşətli qəza- Bir ölü, 6 yaralı

7 Sentyabr 2014 15:54 (UTC+04:00)
Bakı-Qazax magistral yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhərindən keçən hisəsində qeydə alınıb.

Rayonun Faxralı kənd sakini 28 yaşlı Rövşən Bayramov idarə etdiyi "Mercedes" markalı avtomobillə üzü paytaxt istiqamətdə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil əvvəlcə digər "Mercedes"ə, daha sonra isə Faxralı kənd sakini, 45 yaşlı İsgəndər Əhmədova məxsus "Hyundai" markalı maşına çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilin sürücüləri və onların sərnişinləri 19 yaşlı Əli Şahverdiyev, 70 yaşlı Kimya Əfəndiyeva, 14 yaşlı Elvin Qurbanov, 37 yaşlı Ramil Qurbanov və 31 yaşlı Gulnar Musayeva ağır bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirliblər.

Həkimlərin səyinə baxmayaraq, "Hyundai" sürücüsü İsgəndər Əhmədov dünyasını dəyişib. Yaralılardan Ramil Qurbanovun vəziyyəti ağır olduğundan Bakı şəhərinə aparılıb. Xəstəxanadan bildiriblər ki, digər yaralıların vəziyyəti ağır olaraq qalır.

İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub.

Qeyd edək ki, "Mercedes"in sürücü Rövşən Bayramov və "Hyundai" sürücüsü İsgəndər Əhmədov həmkəndli olublar və onlar toydan qayıdırlarmış.

Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırma aparılır.

AzNews.az