ŞOK! Kimsəsizləri internatdan çıxarıb, ruhi dispanserlərə yerləşdirirlər – ŞİKAYƏT - FOTO

14 Sentyabr 2012 09:57 (UTC+04:00)


Vitaliy Maslovun 29 yaşı var. 5 yaşından Abşeron rayon Saray qəsəbəsində ağıldan kəm uşaqlar üçün 7 nömrəli Uşaq İnternat Evinə qoyulub. Bu günə kimi də orada yaşayıb. 2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), İnternat Evinin və bir sıra xeyriyyəçi şəxslərin köməyi ilə ana-atası olmayan bir qızla evlənib. Həmin müəssisə üçün yaş həddi tamam olsa da, gənc ailəyə internatda 1 otaq ayrılıb və həmişəlik burada yaşamaları üçün şərait yaradılıb. Ancaq "həmişəlik şərait " heç də uzun çəkmir. İnternata Qətibə Əsədova direktor təyin olunandan sonra Vitaliygilin onsuz da çətin olan həyat tərzi daha da ağırlaşır. Vitaliy deyir ki, Qətibə Əsədova gələndə özünü hamıya "mələk" kimi təqdim edib: "Əvvəl özünü elə göstərdi ki, guya, bundan yaxşısı yoxdur.

Fikirləşdim ki, yəqin bizə də kömək göstərər. Yaxınlaşıb dedim ki, mənə münasib bir yerdə torpaq yeri təşkil edilsin. Mən də özümə yaşayış qurum. Dedi ki, yaxşı həll edərik. Amma heç bir xəbər çıxmadı. Sonra da başladı ki, burada 18 yaşından yuxarı adam qalmamalıdır burda, çıxmalısız. Dedi: "Gedin harda yaşayırsız, yaşayın. İşləyin, kirayə ev tutun". Dedim yetim oğlanam, 100 manat maaş alıram, bu pulu kirayəyə verim, yemək-içməyimizə, geyimimizə. Razılaşmadı".

İnternatdan çıxarmaq üçün onları zorla ruhi dispanserə göndərirlər

Direktor bildirib ki, ya Şamaxı 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb internat evinə gedib yaşasın, ya da harda istəsə, başının çarəsinə baxsın. Onun xəbərdarlığından sonra ƏƏSMN-nin Dövlət Sosial Təminat Xidmətindən müəssisədə yaşaması üçün yaş həddinin tamam olması səbəbiylə internatı tərk etməsi və Şamaxıdakı məlum internat evinə yerləşməsi barədə bildirişlər gəlməyə başlayır: "Hər gün işdən sonra evə gəlirdim ki, bildiriş gəlib. Qətibə xanım da bezdirirdi ki, çıxın gedin. Yoldaşım da hər gün ağlayırdı ki, daha mən burda yaşaya bilmirəm. Axırda elə də oldu. Bir də gəldim ki, yoldaşımı çıxarıb, qardaşının yanına zorla göndəriblər. Hələ ona bir kağız da yazdırıblar ki, mən başqa adama ərə getmək istəyir. Heç olmasa yoldaşım olanda, birtəhər əl-ələ verib 100 manat maaşla dolanırdıq. İndi gəlirəm internata, yemək də tapıb yeyə bilmirəm. Kimsə pul versə, bir şey alıb yeyə bilirəm, yoxsa yox. Deyirəm heç olmasa, torpaq yeri təşkil edin, yoldaşımla bir yaşayaq. Fəhləlik edib pul qazanıram da, onu yeyə bilək. Deyir yox, get kimə nə deyirsən, de. Bu günə kimi vaxt qoymuşdu (12.09.2012). Ancaq Şamaxıdakı dispanserə getmək mənimçün ölüm düməkdir, orda da ruhi xəstələr yaşayır. Həm yenə yoldaşımdan ayrı qalmalı oluram. O da yetim qızdı, qardaşı da dolandırmır. Deyir ərə getmisən, get o baxsın sənə. Dərdimi kimə deyim bilmirəm".

Vitaliy deyir ki, hazırda internat evində yaşda ondan da böyük insanlar yaşayır. Deməli, internatdan çıxarılmasının səbəbi heç də qanun və yaş həddi deyil. Ancaq Vitaliy heç də bunu əsas tutub orda yaşamağa ürək eləyə bilmir: " Nə qədər mənim kimilərini çıxardıblar oradan. Çıxmaq istəməyən uşaqları zəhərləyib öldürüblər, gecəylə də aparıb basdırıblar ki, heç kim bilməsin. Qorxuram ki, məni də elə öldürələr..."

İnternatda uşaqlara təhsil və peşə verilməyib

Qeyd edək ki, internat evində yaşadığı 24 il ərzində Vitaliyə heç bir təhsil və ya peşə verilməyib. Yararlı və ya yararsız hərbi bileti də yoxdur. Hazırda Saray qəsəbəsində Təmizlik İdarəsində işləyir: "Onun-bunun qapısından zibil yığıb daşıyıram. Aldığım pul da çatmır heç nəyimə. Heç olmasa, yoldaşım olanda çatdıra bilirdik bir yerdə. Bir dənə çörək verirlər ordan da. Kimsə nəzir gətirsə, götürüb yeyirəm, yoxsa yox..."

Vitaliy ev tikib yaşaması üçün Abşeron rayon Saray bələdiyyəsindən torpaq yeri verilməsi üçün də müraciət edib. Ancaq bu barədə ona söz verilsə də, bu ümidi də puça çıxıb. ƏƏSMN-dən isə ona ev verilməsi üçün heç bir əsasın olmadığı bildirilib: "Bu yaşımda qalmışam belə. Heç bir pensiya da almıram. Çöllərdə nə etməliyəm mən? Gərək gedəm adam öldürəm, oğurluq edəm? Mən onu eləyə bilmərəm axı..."

Beləliklə kiçik yaşlarında valideynləri, gənc yaşlarında isə dövlət, onu və onun kimi neçələrini saxlamaqdan, onlara yuva verməkdən imtina edir. Vitaliyin dediyi kimi, bir çox gənclərə haqq qazandırılacaq davranış olmasa belə, bu kimi işlərə əl atmağa məcbur olurlar. Danılmaz faktdır ki, internatları bitirən uşaqlar arasında fahişəlik və cinayətkarlıq halları daha çox baş verir. Bununla bağlı heç bir araşdırma aparılmır və rəsmi statistika yoxdur.

Bəs bu məqamda Vitaliy və onun kimi taleyin ümidinə buraxılan gənclər nə etməlidir? Qanun, internat direktorlarının "insafı" və ya ümumilikdə cəmiyyət onları nə vaxtadək çarəsiz, küçələrdə və arzuolunmaz hallarla qarşı-qarşıya qoyacaq?

"Kimsəsizlər hüquqlarından məhrum edilir"

Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev bildirdi ki, internatda böyüyən uşaqların qanunvericilikdə müxtəlif hüquqları olsa da, onlar faktiki olaraq bu hüquqlardan məhrumdur: "Onların mənzillə təmin olunmaq, torpaq təminatı kimi hüquqları var. Əslində qanunla kimsəsiz uşaqlar 18 yaşından sonra orda yaşamamalıdır. Ancaq problem odur ki, qanunla həmin insanlara torpaq sahəsi, ev verilməlidir, ancaq verilmir. Sentyabrın 29-da bununla bağlı Amerika Hüquqşünaslar Assosasiyası ilə görüşümüz olacaq, təlim keçiriləcək. Biz bir neçə internatdan çıxan uşaqları mənzil qeydiyyatına saldırmışıq. Onlara kirayə ev, yataqxanada yer verilməsi üçün şərait yaratmışıq".

Hüquqşünas Vitaliy Maslovun da probleminin həllinə çalışacaqlarını bildirdi: "Bizimlə əlaqə saxlasın, onun da problemini həll etməyə çalışarıq. Əslində qanunla, heç bir problemsiz, onların işi həll olunmalıdır, ancaq çox çətinliklə həll edirik. Bəzilərini mənzil qeydiyyatına saldırırıq, bəzilərini məşğulluğa yazdırıb iş tapırıq. Hansı işi görməyə imkanımız çatsa...

Vitaliy də hansı rayondakı internatdadırsa, oranın İcra Hakimiyyətinə mənzil qeydiyyatı üçün müraciət edərik. Bundan başqa, ƏƏSMN-də güzəştli şərtlərlə evlər tikilir, onu da evlə təmin etməyə çalışarıq. Həmçinin, məşğulluq mərkəzinə adını yazdırarıq ki, daha yüksək maaşlı işlə təmin edək. Sağlamlıq problemi varsa, o həll olunacaq. Ola bilsin yaşadığı ərazidə onun mülkü var qohumlarında. Hüquqları ilə bağlı problemlər də diqqətdə olacaq. Ümumiyyətlə, vəziyyəti qiymətləndirib nə lazımdırsa, imkan daxilində ediləcək".

Məsələ ilə bağlı ƏƏSMN-nə də müraciət etdik. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnur Camalxanov isə onlara ərizə ilə müraciət edildiyi halda məsələni araşdıracaqlarını bildirdi. Nazirliyin elektron ünvanına problem barədə məlumat göndərdik.

Qeyd edək ki, Vitaliyin problemi ilə iki gün öncə tanış olmuşduq. Daha sonra bir neçə dəfə onunla əlaqə saxlamışıq. Vitaliyin sözlərinə görə, dünən gecə o zorla internatdan bayıra atılıb: "Dedilər ki, çıxmasan səni məcburi şəkildə maşına basıb Şamaxıdakı dispanserə göndərəcəyik. Çıxdım gecəylə ordan. Qalmışam çöllərdə..."

Məsələni diqqətdə saxlayacağıq.

Sevinc Fədai
AzNews.az