“Şərqdəki terror hadisələrinin kökü İranda qoyulub” – Millət vəkili

8 Sentyabr 2014 15:39 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı üzünü Azərbaycan dövlətinə tutaraq, Yaxın Şərqdə dövr edən neqativ hadisələr fonunda Güney Azərbaycana sahib çıxmaq çağırışı edib. O deyib ki, Yaxın Şərq ölkələrində, o cümlədən İranda haqları tapdalanan, əzilən türklərdir, amma türk dünyası sanki baş verənləri görmür.

S. Rüstəmxanlı türk dövlətlərinin soydaşlarına biganə olduğunu da vurğulayıb. O, ölkə mediasının Güney Azərbaycan mövzusuna münasibətini isə tənqid edib.

DAK sədri Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizəsinin gücləndirməsinin vacibliyini, bunun üçün də bir sıra əməli işlərin görülməsini təklif edib.

Millət vəkili fars rejiminin soydaşlarımıza qarşı yeni strategiyaya əl atdığını bildirib:
"Son zamanlar dünya və İran mətbuatında Güney Azərbaycan türklərinin sayının az göstərilməsi millətə qarşı siyasi oyunların başlaması anlamına gəlir. Güney Azərbaycandakı fəalların həbsi, ana dilində danışığa görədir. Terrorçu PKK-nın İran qolu olan PEJAK-ın Güney Azərbaycanın qərb torpaqlarını öz ərazisi hesab edir. İran dövləti isə bu iddiaların qarşısını almır. Bu təhlükəyə qarşı yeganə çıxış yolu soydaşlarımızın silahlanmasıdır".

Güney Azərbaycanda milli düşüncəni inkişaf etdirmək üçün Şimali Azərbaycanda milli kadrların hazırlanmasının əhəmiyyətini də vurğulayan S. Rüstəmxanlı güneyli gənclərin burada təhsilinə şərait yaradılmasını xüsusi qeyd edib.

S. Rüstəmxanlı DAK-ın daim bu məsələni gündəmdə saxlayacağını qeyd edib: "DAK bu məsələləri daim diqqətdə saxlayıb və bundan sonra da saxlayacaq. Bu il məslələrlə bağlı silsilə tədbirlər keçirəcəyik. Çalışacağıq ki, dünyanın diqqətini soydaşlarımızın acınacaqlı vəziyyətinə yönəldək".

Güney Azərbaycan ədəbi bölməsinin rəhbəri Sayman Arus 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin xəttilə güneylə bağlı jurnalın nəşrə başlayacağını söyləyib. O əlavə edib ki, Yaxın Şərqdəki hadisələrdə bir daha məlum olub ki, türkün himayəçisi yoxdur: "Bu gün Yaxın Şərqdə baş verən terror hadisələrinin kökünün İranda qoyulub. İndi İŞİD-in qadınlara qarşı zorlamalarını vaxtilə İran cümhuriyyətini quranlar həyata keçirib. Hətta İŞİD-in ideya rəhbərinin İran olduğu haqda da məlumatlar var".

Tədbirdə çıxış edən KXCP sədri Mirmahmud Mirəlioğlu və digərləri də İrandakı türklərin haqları və regionda türk millətinə qarşı təhdidlər haqda danışaraq, dünya birliyini buna göz yummamağa çağırıblar.



AzNews.az