Energetika naziri həmkarları ilə görüşdü

8 Sentyabr 2014 16:49 (UTC+04:00)
Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin energetika nazirlərinin IV qeyri-rəsmi görüşü çərçivəsində Ukrayna, Gürcüstan və Moldovanın energetika nazirləri ilə təkbətək görüşlər keçirib.

Energetika Nazirliyindən AzNews.az-a verilən məlumata görə, N.Əliyevin Ukraynanın energetika və kömür sənayesi naziri Yuri Prodanla görüşündə hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı məsələlər, eləcə də nəqliyyat, təhlükəsizlik, enerji sahələrində əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Bundan sonra da qarşılıqlı səfərlərin, biznes strukturları arasında görüşlərin təşkil edilməsinin önəmi qeyd edilib. Görüşdə Ukraynanın "Ukrayna Neftoqaz" şirkətinin İdarə Heyətinin sədri Andrey Kobolev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko və digər rəsmi şəxslər iştirak edib.

Bu gün N.Əliyev Gürcüstan baş nazirinin müavini və energetika naziri Kaxa Kaladze ilə görüşüb. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub.

Həmçinin enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulanıb, Azərbaycanla Gürcüstan arasında enerji təhlükəsizliyi və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edilib. Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri İrakli Sivanidze də iştirak edib.

Həmçinin N.Əliyev Moldova baş nazirinin müavini və energetika naziri Adrian Kandu ilə görüş keçirib. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə iqtisadi, enerji, sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün biznes-forumların təşkili məsələləri diqqət mərkəzində olub. Həmçinin regional məsələlər, enerji təhlükəsizliyi və müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Görüşdə Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu da iştirak edib.

AzNews.az