Piyada keçidindən istifadə etməyənlər cəzalanacaqlar- VİDEO

8 Sentyabr 2014 22:30 (UTC+04:00)
Kütləvi informsiya vasitələrində Bakının mərkəzi küçələrində yol bağlı ola-ola polisin vətəndaşları piyada keçidindən istifadə etmədikləri üçün cərimə etməsi videosu yayılıb.

ANS TV-nin məlumatına görə, hadisə "Nizami" kinoteatrının qarşısındakı yolda baş verib. Yol bütün istiqamətlərdə bağlı olduğundan və təbii olaraq, nəqliyyatın həmin ərazidə hərəkəti dayandırıldığından yol polisi piyada keçidinin yanında duraraq insanları keçiddən istifadə etmədiyinə görə cərimələyir.

Məsələ ilə əlaqədar Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, yolda təmir işləri getsə belə əgər piyada keçidi varsa, piyadalar keçiddən keçməlidirlər, əks halda onlar cərimələnəcək.

Kamran Əliyevin sözlərinə görə, fərqi yoxdur orada yol bağlıdır, ya da bağlı deyil, vətəndaşlar bilməlidir ki, qanun hamı üçün eynidir.

Bir sözlə piyada istənilən anda diqqəti yola kökləməlidir. Keçid varsa, işini möhkəm tutmalıdır, əks halda 20 AZN cəriməni göz önünə almalı olacaq.



AzNews.az