Partlayan binanın sakinlərilə polis arasında daha bir - DAVA

9 Sentyabr 2014 07:54 (UTC+04:00)

Bu gün səhər dünən partlayan binanın sakinləri ilə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında qarşıdurma olub.

Bu barədə məlumatı AzNews.az-a binanın sakinləri veriblər. Onların sözlərinə görə, mənzillərindən zəruri olan əşyaları çıxarmaq istəyərkən onlarla kobud davranılıb və buna görə də dava düşüb: "Yalandan mətbuatda məlumat verdilər ki, guya bina sakinləri evlə təmin edilib. Ancaq bunların hamısı yaladır. Bina sakinlərinin çoxu gecəni binanın həyətində keçiriblər. Səhər durub bəzi lazımlı əşyalarımızı çıxarmaq istəyirdik. Lakin buna imkan vermədilər. Bizlə kobud danışdılar. Hətta biri dedi ki, artistlik edirsiz, binanı özünüz partlatmısız. Bu da bizim səbir kasamızı daşdırdı. Bu boyda faciə yaşamışıq..."

Sakinlərin sözlərinə görə, problemlərinin həlli üçün bu gün müvafiq orqanlara rəsmi müraciət edəcəklər.

Qeyd edək ki, dünən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb. Qəza nəticəsində 9 nəfər məcburi köçkün yaralanıb, 3 nəfər isə dünyasını dəyişib. Sağ qalan və qəza nəticəsində yaxınlarını itirən ailələrin evlə təmin olunması üçün bir sıra dövlət qurumları və o cümlədən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov ev problem həll olunduğunu deyib.

AzNews.az