Vitse-spikerdən Müsavatın qurultayı ilə bağlı - AÇIQLAMA

9 Sentyabr 2014 11:36 (UTC+04:00)
Bunu AzNews.az-a vitse-spiker Bahar Muradova Müsavat partiyasının bu ayın 27-də nəzərdə tutulan qurultayı və burada kimin başqan seçilməsi məsələsinə münasibət bildirərkən deyib. Onun fikrincə, belə bir siyasi təşkilatın hansısa bir tədbiri barədə şərh vermək düzgün deyil: "Bu məsələ barədə açıqlama, şərh vermək nə dərəcədə vacibdir? Bu, onların öz daxili işidir. Azərbaycanda siyasi partiyalar demokratik mühitdə fəaliyyət göstərir. Bu partiyalar da əlbəttə ki, öz fəaliyyətlərini ölkə konstitusiyasına, siyasi partiyalar haqqında qanunvericiliyə və daxili əsasnaməsinə uyğun qurmalıdır və qururlar da. Hansısa partiyanın qurultay keçirib- keçirməməyi bizi o qədər də düşündürmür".

B.Muradova hesab edib ki, bu məsələ partiyanın üzvlərini və onun rəhbərliyini düşündürməlidir: "Bu günə qədər Müsavat partiyasında ciddi düşüncənin ortada olmadığının şahidiyik. Əks təqdirdə qurultayın keçirilməsi yox, onun ətrafındakı söhbətlər bu qədər uzanmazdı. Ona görə də, Müsavat partiyasının qurultayının keçirilib-keçirlməməsi ilə bağlı hansısa fikir söyləməkdən uzaq dayanmaq istəyirəm".


Müsavatda başqanın kim olacağına gəlincə isə vitse-spiker əlavə edib ki, bu yenə də onların öz üzvlərinin işidir: "Yəni bunu bizim söyləməmiz partiyaya aidiyyəti olmayan şəxslərin söyləməsi nə dərəcədə düzgündür? Ümumiyyətlə, bu partiyanın ölkəmizin ictimai-siyasi prosesinə hansısa bir ciddi təsiri olmadığını düşünən insanlarıq. Belə bir təşkilata bundan sonra kimin rəhbərlik edəcəyi də bizi maraqlandırmır".


Amid
AzNews.az