İcra başçısı Həştərxanda Aleksandr Jilkinlə görüşdü – FOTO

10 Sentyabr 2014 15:14 (UTC+04:00)
bu gün icra başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşü baş tutub.


AzNews.az xəbər verir ki, görüşdə Rusiya Federasiyasının Həştərxan vilayəti və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, artıq həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Rəsmi görüşdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, xalqlarımız arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlərin görüldüyünü qeyd edib. A.Jilkin xüsusilə vurğulayıb ki, Azərbaycan ilə Rusiya Federasiyası arasında əlaqələr mərhum eks-prezident Heydər Əliyevin dövründə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün Prezident cənab İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb. Qubernator həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə Həştərxan vilayətində görülmüş genişmiqyaslı işlərdən də danışıb.

Qeyd olunub ki, Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Belə ki, Həştərxanda Heydər Əliyevin adını daşıyan 11 saylı orta məktəbin rekonstruksiyası və yeni korpusunun tikilməsi, Ümummilli liderin abidəsinin onun adını daşıyan parkda ucaldılması, Heydər Əliyev parkı ilə I Pyotrun abidə kompleksini birləşdirən "Rusiya və Azərbaycan Dostluğu" piyada keçid körpüsünün açılması, "Meçta" uşaq əyləncə şəhərciyinin salınması, Knyaz Vladimirin abidəsinin ucaldılması və digər layihələr iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edən amillərdəndir.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb. A.Fərzəliyev bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında ikitərəfli münasibətlər möhkəmlənməkdədir və Həştərxan vilayəti bu sırada xüsusi yer tutur.


Görüşdə həmçinin Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən yeni 120 yerlik uşaq bağçasının inşasının ən müasir avadanlıqlarla təchiz edilərək yekunlaşmaq üzrə olduğu, 1,5 hektar ətraf ərazisində yaşıllıqların salınması, dekorativ bəzək və gül kollarının əkilməsi və cari ilin sentyabr ayının sonunda açılışının planlaşdırılması qeyd olunmuş və bununla bağlı məsələlər müzakirə olunub.