Nazirlər Kabineti qarşısında sakinlərlə polis arasında qarşıdurma baş verdi

14 Sentyabr 2012 14:08 (UTC+04:00)
Xətai rayonu, Cavanşir 38 ünvanındakı 4 saylı yataqxananın sakinləri sentyabrın 14-də Nazirlər Kabineti qarşısında aksiya keçiriblər. Aksiyada polislə narazı sakinlər arasında qarşıdurma yaranıb. Bu barədə məlumatı sakinlərin hüquqularını müdafiə edən komissiyanın sədr müavini Hafiz Xanquliyev verib.

H.Xanquliyev bildirib ki, qarşıdurmaya səbəb polis əməkdaşlarının aksiyaya müdaxiləsi və aksiyanı lentə alan mətbuat nümayəndəsinə qarşı zor tətbiq etməsi olub: "Onlar jurnalisti maşına mindirib harasa apardılar. Biz buna etiraz edib jurnalisti onların əlindən almaq istəyəndə bizi polis maşınını çevirmək istəməkdə təqsirləndirdilər. Buna görə də qarşıdurma yarandı".

Qarşıdurmada xəsarət alanların olmadığını deyən H.Xanquliyevin sözlərinə görə, narazı sakinlərNazirlər Kabinetinin şöbə müdiri Şahin Salahovla görüşüblər: "Bizə bildirildi ki, qəzalı vəziyyətdə olan yataqxana sakinlərinin köçürülməsi yox, binanın təmiri nəzərdə tutulur. Bununla bağlı Layihə İnstitutuna layihələrin hazırlanması tapşırığı verilib".

Qeyd edək ki, 2000-ci il zəlzələsində qəzalı vəziyyətə düşən binanın sakinləri üçün yeni mənzillərin tikintisi məqsədilə Bakı meri Hacıbala Abutalıbov 40 sot torpaq sahəinin ayrılması sərəncamını verib. Ancaq ayrılan torpaq sahəsinin 9 sotunda tikilən binaya 80 ailə köçürülüb, 79 ailənin köçürülməsi isə baş tutumayıb.

Binada dəfələrlə qəzanın, bir neçə gün əvvəl isə daha bir uçqunun baş verdiyini deyən sakinlər Abid Şərifovla görüşmək üçün Nazirlər Kabinetinin qarşısında aksiya keçiriblər.

H.Xanquliyev bildirib ki, binanın təmiri ilə bağlı NK-dəki görüşün təfərrüatları barədə sakinlərlə məsləhətləşmələr aparılacaq: "Sakinlərin təmirlə razılaşacağını söyləmək çətindir. Çünki Hacıbala Abutalıbov sakinlərin hamısının köçürülməsi barədə sərəncam verib. Fövqəladə Hallar Nazirliyinin binanın qəzalı vəziyyətdə olması ilə bağlı qərarı var. Əgər təmir aparılacaqsa sakinlər həmin vaxt orada necə yaşayacaqlar?"

E.Əlosmanqızı
AzNews.az