Əbülfəs Qarayevə məktub

15 Sentyabr 2014 15:51 (UTC+04:00)


Cənab nazir, çox fikirləşdim, düşündüm ki, sizə hansı formada müraciət edim. Nəhayət, qərara gəldim ki, açıq məktub yazım.

Geridə qoyduğumuz avqust ayında qonşu Gürcüstanın paytaxtı Tiflisdə oldum. Sizi bir məsələdən agah etmək istəyirəm: Tiflisdə olanda Botanika bağına getdik. Hələ Bakıda olarkən bura baş çəkməyi düşünürdüm. Çünki Şərqin böyük mütəfəkkiri, maarifçisi Mirzə Fətəli Axundzadənin məzarını ziyarət etmək çoxdankı arzum idi. Bunu həm də özümə mənəvi borc bilirdim.

Botanika bağına girdikdə nəzarətçi xanımdan Axundzadənin məzarını soruşduq. Xanım isə sadəcə əl işarəsi ilə "burdan gedin, ordan gəlin" deməklə yolu göstərdi. Ancaq o boyda bağda kiçik bir əl işarəsi ilə mütəfəkkirin məzarını tapmaq müşkül idi. Qarşımıza çıxan bağbanlardan da Axundzadənin məzarını soruşduq. Onlar da nəzarətçi xanımı təqlid edirmiş kimi yenə əl işarələri ilə istiqamət verdilər. Amma uzun axtarışdan sonra da, təəssüf ki, Axundzadənin məzarını tapa bilmədik. Kor-peşman geri döndük.

Bağda olanda diqqətimi bir məqam çəkdi: bəzi yerlərə necə getmək haqda nişanlar vardı. Bəlkə də bu nişanlardan olsaydı, biz də asanlıqla məzarı tapa bilərdik.

Məncə, bu, Sizin və rəhbəri olduğunuz nazirlik üçün o qədər də xərc aparan ciddi bir problem deyil. Kiçik bir xərclə bu problemi aradan qaldırmaq olar. Kim bilir, bəlkə də bizim kimi yüzlərlə gənc bura gəlib, amma pərişan halda geri dönüblər. Danışıqlar aparsanız, Gürcüstanın mədəniyyət nazirinə Sizin adınızdan bir məktub getsə, inanın, bu problem həllini tapacaq.

Axundzadə kimi bir şəxsiyyətə diqqətə və sayğıya gəlincə, Şərqin böyük mütəfəkkiri, maarifçisi üçün bu kiçik addımı atmağınız həm də tarix qarşısında bir borcdur.

Cənab nazir, ümid edirəm ki, müraciətimi səmimi qəbul edəcək və qısa müddət ərzində bu problemi aradan qaldıracaqsınız.