Kreditə görə işdən qovulan direktorun məhkəməsində dava

18 Sentyabr 2014 17:48 (UTC+04:00)



"Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.

Hüquq müdafiəçisi dedi ki, kredit qalmaqalı maraq doğurduğundan məhkəmədə digər hüquq müdafiəçiləri və jurnalistlər də iştirak edib: "İradə Murğuzovanı vəkil İlqar Abbasov müdafiə edirdi. Bundan əlavə nümayəndəsi də vardı. Vəkil İradə Murğuzovanın adından yazı yazıldığını, müdafiə etdiyi şəxsin təhqiramiz ifadələr işlətmədiyini dedi. Fasilə zamanı isə vəkil İlqar Abbasov üzünü zərərçəkmiş Mədinə Tağıyevaya tutub "İradə Murquzovanın dedikləri təhqir deyil" deyə müraciət etdi.

"Uşaq problemləri" saytının rəhbəri, hüquq müdafiəçisi Nigar Hüseynqızı isə vəkildən "bu sözləri sizin ananıza qarşı işlətsəydilər, təhqir hesab edərdinizmi" deyə sual verdi".

T.Rzanın sözlərinə görə, bundan sonra tərəflər arasında mübahisə və dava-dalaş yaranıb: "Vəkil İradə Murğuzovanın nümayəndəsindən Nigar Hüseynqızının şəklinin çəkilməsini istədi. Bundan sonra mübahisə daha da alovlandı. Vəkil bildirdi ki, qəzetlər İradə Murğuzova haqda sifarişlə və qəsdən yazırlar. Qalmaqal məhkəmə başlayandan sonra da davam etdi".

Hüquq müdafiəçisi vəkillə bağlı Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinə şikayət ünvanlayıb: "Hər dəfə məhkəmədə qarşı tərəfi qıcıqlandıran ifadələr işlədilir. Biz vəkilin nəinki prosesdən, eləcə də vəkillik fəaliyyətindən uzaqlaşdırılmasını tələb edəcəyik".

Qeyd edək ki, M.Tağıyeva keçmiş direktorun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir. Bundan əlavə, müəllimə direktordan 100 min manat təzminat istəyir.

Onu da xatırladaq ki, İradə Murğuzova kredit qalmaqalına görə vəzifəsindən kənarlaşdırılıb. O, direktoru olduğu məktəbin müəllimlərinin adına iri məbləğdə kredit götürərək mənimsəyib. Həmin krediti özünün ödəyəcəyini vəd etsə də sonradan fikrini dəyişib və pulu məcburən müəllimlərin özlərinə ödətdirib. Bu məsələ ilk dəfə virtualaz.org saytı tərəfindən ictimailəşdiriləndən sonra isə sentyabrın 10-da vəzifəsindən kənarlaşdırılıb. Hazırda onu direktor müavini Leyla Babayeva əvəzləyir.

AzNews.az