Əhməd Şəfəq: “Nə mən sevgidən qaçanam, nə də Qənirə Paşayeva” - EKSKLÜZİV

15 Sentyabr 2012 13:16 (UTC+04:00)
Türkiyə sənətçisi Əhməd Şəfəqin AzNews.az-a müsahibəsi:

- Əhməd bəy, millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələdiyiniz "Sənə əlvida dedim" adlı mahnı fanatlarınız tərəfindən necə qarşılandı?

- Bu mahnıya olan maraq tamaşaçılar, xüsusən də musiqi dinləyiciləri tərəfindən yaxşı qarşılandı. Əgər internetə baxsaq, bunu aydın görərik. Amma çox təəssüf etdim. Açığını deyim ki, mən bunu belə gözləmirdim.

- Sizi belə üzən nə oldu?

- Bu mahnı Azərbaycanda gözlədiyimiz kimi sevilmədi. Nə telekanalların maraq dairəsində oldu, nə də hər hansı bir sənətçinin. Amma Türkiyədə mahnı çox populyar oldu. Sevildi. Buna sübut da var. İnternetə baxın və mahnıya olan məhəbbəti öz gözünüzlə görəcəksiniz.

- Qənirə Paşayeva Əhməd Şəfəqdən belə bir sürpriz gözləyirdi?

- Əlbəttə ki, yox. Mən bu mahnını oxuyanda Qənirə xanım konsert zalında idi. Mən bu mahnını ona sürpriz etdim.

- Bəs, millət vəkili Sizin hədiyyənizi necə qarşıladı?

- Konsertdən sonra mənimlə görüşdü, təşəkkür etdi. Qənirə xanım bilir ki, mən kim gəldi onun sözlərinə mahnı oxumuram. Şeirləri seçirəm, baxıram və sonra oxuyuram. Açığını deyim ki, bu mahnı mənim yaradıcılığımda çox önəm daşıyır.

- "Sənə əlvida dedim" mahnısının mövzusu nə idi?

- Məhəbbət…Məhəbbət… Məhəbbət…Mən belə sevgi ilə yazılan mövzu görmədim.

- Belə bir şeiri seçməkdə məqsədiniz nə idi?

- Söz gözəl idi. Duyğular, hisslər, nə axtarsan orada tapardın. Bir də mən əmin idim ki, bu mahnı tamaşaçılarım tərəfindən gözəl qarşılanacaq. Sevinirəm ki, duyğularımda yanılmadım. Bu doğru və düzgün fikir idi.

- Bu mahnıya klip çəkdirmək fikriniz varmı?

- Hələ yox. 3 başqa mahnı var, ona klip çəkdirəcəm. Amma Qənirə xanımın sözlərinə bəstələdiyim mahnıya klip çəkdirməyi çoxdan beynimdədir. Amma bu elə bir mövzudur ki, düşünmək-daşınmaq, sonra işə keçmək lazımdır. Mən klip çəkərkən bunu hər hansı bir adama danışmaram. Özüm qərar verirəm. İnanmıram ki, bundan hələ onun xəbəri olsun. Çünki Qənirə xanım Azərbaycan siyasətində tanınan bir xanımdır. Onun sahəsi başqa, mənim sənətim başqa. Bu ancaq mənim qərar verəcəyim bir mövzudur.

- Bu mahnıdan sonra maqazin proqramlarına düşməkdən qorxmadınız?

-Yox. Çünki mən Əhməd Şəfəqəm. Maqazin xəbərlərindən uzağam. Mənim bir amalım var-məmləkət. Mən də Qənirə xanım da çox ciddi adamlarıq. Belə söz-söhbətlər bizə yapışmaz. Onları popçular düşünsün. Hər ikimiz vətənpərvər, məmləkət və millət haqqında düşünən insanlarıq. Təbii ki, bizim də ürəyimiz var. Heç birimiz sevgidən qaçan insanlar deyilik. Sevgi olmasa vətən də olmaz. 15 ildir ki, bu sənətdəyəm. Türkiyədə bir dəfə də olsa, maqazin xəbərlərinə yaxalanmadım. Azərbaycanda isə heç olmadı. Nə qədər millətçi, vətənpərvər olsaq da, belə sevgidən uzaq olmarıq. Mən bu mahnını oxuyarkən səhnədən belə bir ifadə işlətdim. Dedim ki, eşq bizim ruhumuzun vətənidir.

Bahar RÜSTƏMLİ
AzNews.az