Kamal Abdulla tələbələri divar yazmağa dəvət etdi -FOTO

15 Sentyabr 2012 15:01 (UTC+04:00)

Bu gün Bakı Slavyan Universitetinin (BSU) Filologiya və Jurnalistika fakültəsinin yerləşdiyi binanın təmirdən sonra açılışı olub. Açılış mərasimində universitetin rektoru Kamal Abdulla, Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, KİV nümayəndələri, ali məktəbin tələbə və müəllim heyəti iştirak edib.

"BSU-nun avtoriteti çox yüksəkdir"

Tədbiri giriş sözü ilə açan K. Abdulla, ilk növbədə, bütün tələbə və müəllimləri ilk dərs günü və binanın açılışı münasibətilə təbrik edib. Rektor çıxışında bu günü gəncliyimizin günü kimi qiymətləndirib. Daha sonra BSU-nun uğurlu konseptual mexanizmindən, məqsədli və kollektiv şəkildə öz hədəf nöqtələrinə doğru getdiklərindən söz açıb: "BSU-nun avtoriteti çox yüksəkdir. Universitetimiz MDB və digər dünya ölkələrində lazımi şəkildə tanınır. Uğurlarımız da artmaqda davam edir. Yeni təmirli binanı da müəllim və tələbələrimizə bayram günü üçün tövhə edirik. Bu binanın təmirində bizə dəstək olan Azərbaycan hökumətinə, Təhsil Nazirliyinə, Nəsimi rayon icra hakimiyyətinin başçısına təşəkkürümüzü bildiririk".
Kamal Abdulla BSU-ya yeni qəbul tələbələri xüsusi olaraq təbrik edib onların da universitetin nüfuzunu qoruyub saxlayacağına inandığını bildirib: "Bakı Slavyan Universiteti təkcə öz qapılarını deyil, öz ürəyini tələbələrin üzünə açır. Təmir olunmuş binada Tələbə klubu fəaliyyət göstərəcək. Burada digər universitetlərin tələbələri də gələ bizim tələbələrlə fikir mübadiləsi apara bilərlər. Yeni auditoriyalarımız, kitabxanamız açılıb. Bu inkişaf və yenilik təhsilimizin uğurudur. İndi isə tələbələrimiz buyurub universitetin divarlarına ürək sözlərini yaza bilərlər".

"BSU-nun tələbələri fərqlənir"

Sonra Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək tələbə və müəllim kollektivinə təbrikini ünvanlayıb. O bildirib ki, universitetinin Filologiya və Jurnalistika fakültəsinin yerləşdiyi binada aparılan təmir işləri respublikada aparılan quruculuq işlərinin tərkib hissəsidir: "Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən liseyin təmiri də dövlət proqramına salınıb. Gələcəkdə lisey təmir edilərək şagirdlərin ixtiyarına veriləcək". O, BSU-nun tələbələri şəxsi keyfiyyətlərinə, dünyagörüşünə, intellektinə görə digər universitetlərin tələbələrindən fərqləndiyini vurğulayıb: "Mən bunun tələbələrlə keçirilən görüşlərdə və universitetdə təşkil olunan tədbirlərdə dəfələrlə şahidi olmuşam".
Daha sonra ali məktəbin tələbələri çıxış edərək binanın təmirində dəstək göstərən hər kəsə təşəkkürlərini bildiriblər. Sonda isə tələbələr universitetin divarlarına ürək sözlərini yazıb və bir-birlərilə tədris ilinə yeni binada başlamağın sevincini bölüşüblər.

Tələbələrin tədrisi və rahat fəaliyyətləri üçün hər bir şərait yaradılıb

BSU-nun Jurnalistika fakültəsinin dekanı Səfər Məmmədovdan universitetdə aparılan təmir-bərpa işləri barədə məlumat aldıq. Onun sözlərinə görə, binada əsaslı dəyişikliklər edilib. Tələbələrin tədrisi və rahat fəaliyyətləri üçün hər bir şərait yaradılıb: "Tələbələr üçün xüsusi klub da təşkil olunub ki, onlar burda heç kimin müdaxiləsi olmadan hər cür fikir mübadiləsi apara, istirahət edə bilərlər. Həmçinin, yaşıdlarını, başqa universitetlərdə oxuyan dostlarını da dəvət etmək, debatlar keçirmək imkanları var. Hər bir şey onların ixtiyarında olacaq. Eyni zamanda, bu binada qiraət zalı yox idi. Bu gün isə yüksək səviyyədə, tələblərə cavab verə bilən qiraət zalımız da var. Zallar kompüter və digər texnologiyalarla da təchiz olunub". Fakültə dekanının sözlərinə görə, artıq bina daxilində çox gözəl kitabxana da fəaliyyət göstərir və tələbələrə hər hansı kitab lazım olanda digər binaya üz tutmağa ehtiyac yoxdur: "Korpusda iki auditoriya da təşkil olunub. Milli mətbuatın banisi Həsən bəy Zərdabi və professor Məmməd Tağıyev adına auditoriyalar tələbələrin istifadəsinə verilib. Binanın birinci və ikinci mərtəbəsi əsaslı təmirdən çıxıb. Dərs otaqları və binanın həyətinin təmiri, quruculuq işlərinin hamısı 1 ay içərisində görülüb başa çatıb. Bu da gecə-gündüz zəhmətin məhsuludur".

Sevinc Fədai
AzNews.az