Şeyxə Moskvada orden verildi

26 Sentyabr 2014 22:07 (UTC+04:00)




AzNews.az Apa-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatı Cavanşir Paşazadə iştirak ediblər.
Allahşükür Paşazadəni səmimi salamlayan patriarx Moskva patriarxlığı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələr yüksək səviyyədə olduğunu söyləyib: "Xalqlarımız arasında mənəvi və mədəni əlaqələr daim inkişaf edir. Əminəm ki, heç bir xarici təsirlər, siyasi gərginliklər, heç bir münaqişlər Azərbaycan və Rusiya xalqları arasında xoş münasibətləri poza bilməz. Bu işdə Qafqazın dini lideri kimi sizin rolunuzu xüsusi qeyd edmək istərdim. Siz daim düşünülmüş mövqeyinizlə həm pravoslav xristianlara, həm də müsəlmanlara problemlərin həllində yardımçı olursunuz".

Patriarx Kirill bildirib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə ədaləti həlli yalnız danışıqlar vasitəsi ilə mümkündür. O, Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunacağına ümid etdiyini söyləyib və şeyxülislamın münaqişənin həllində göstərdiyi səyləri yüksək qiymətləndirib: "Şeyxülislamla bu dəfə ki görüşümüz də xalqlarımız və dindarlarımız üçün faydalı olacaq".

Qafqaz müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı Kirillə səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb: "Mən Azərbaycan prezidenti ilə telefonla danışdım, dövlət başçısı İlham Əliyev sizi xeyli vaxtdır Azərbaycanda görmədiyimizi dedi və ölkəmizə səfərə dəvət etməyimi istədi".

A.Paşazadə qeyd edib ki, böyük rus xalqının nüfuzlu din xadimlərinin məsləhətlərinə daim ehtiyac var: "Siz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxundunuz və mən bilirəm ki, siz bu problemin sülh yolu ilə həllinə yaxından kömək etmək istəyirsiniz". Ukrayna münaqişəsi barədə danışan QMİ sədri qeyd edib ki, iki qardaş xalq arasında baş verənlər Azərbaycan xalqını narahat edir: "Ümid edirəm ki, hər iki xalq götür-qoy edəcək və bu münaqişə sona yetəcək".

Allahşükür Paşazadə onu da bildirib ki, Azərbaycan və Rusiya arasında münasibətlər bəzi qüvvələrin səylərinə baxmayaraq, bütün sahələrdə daim inkişaf edir.

Görüşün sonunda Bütün Rusiyanın patriarxı Kirill dinlərarası əməkdaşlığa töhfəsinə və anadan olmasının 65 illiyi münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni rus pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs Mömin Moskva knyazı Daniil" ordeni ilə təltif edib.

AzNews.az