Əşrəf Qəni rəsmən Əfqanıstan prezidenti oldu

29 Sentyabr 2014 10:39 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezidentin inaqurasiyası gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda Kabulda keçirilib. Mərasimdə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya da daxil olmaqla bir çox xarici dövlətin nümayəndələri iştirak edib. Amerika nümayəndə heyətinə ABŞ-ın prezident məsləhətçisi Con Podesta rəhbərlik edir.
Qeyd edək ki, Əşrəf Qəni hakimiyyətin bölünməsi barədə sentyabrın 21-də özü və digər namizəd Abdulla Abdulla tərəfindən imzalanan saziş əsasında prezident seçilib.
Xatırladaq ki, prezident seçkilərinin ilk mərhələsi aprel ayının 5-də Əfqanıstanda baş tutub. Lakin onun nəticələrində namizədlərdən heç biri 50 %-dən yuxarı səs toplaya bilməyib. İyun ayının 14-də keçirilən seçkilərin ikinci mərhələsinin ilkin nəticələrinə əsasən Əşrəf Qəni Əhmədzay qələbə qazanıb. Lakin, Abdulla nəticələrin elan olunmasına baxmayaraq kütləvi saxtakarlıq və öz hökumətini formalaşdırmaq niyyəti barədə açıqlama verib.

Abdullanın şikayətləri və ABŞ-ın çağırışları ilə əlaqədar Əfqanıstan Mərkəzi Seçki Komissiyası səslərin təkrar sayılmasına başlayıb. 8,1 milyon bülletenin audit prosesi namizədlər arasında səslərin ləğvi proseduruna dair fikir ayrılıqlarına görə bir neçə dəfə dayandırılıb.

Prezidentliyə namizədlər arasında sentyabr ayının 21-də sazişin imzalanmasından sonra Əfqanıstanın Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini elan edib.
Qeyd edək ki, Əşrəf Qəninin prezident seçildikdən sonra həyata keçirəcəyi ilk addım təhlükəsizlik məsələlərinə dair ABŞ-la ikitərəfli saziş imzalamaq olacaq. Bu sazişə əsasən, xarici qoşunların kiçik kontingenti 2014-cü ildən sonra Əfqanıstan ərazisində qala biləcək.

Aydan Axundova
AzNews.az