Hərbi təlimlər gələn il Türkiyədə keçiriləcək

30 Sentyabr 2014 10:31 (UTC+04:00)


AzNews.az-ın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.

Qonaqlara helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib. Sonra birgə təlimlərin keçirildiyi aerodromda qonaqlara təlimin gedişi barədə brifinq təqdim olunub və növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib.

Görüş zamanı Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimlərinin Türkiyə ərazisində 2015-ci ilin mart ayında keçirilməsinin planlaşdırıldığı qeyd edilib.

Görüşlərdə Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.