Nərimanovda Ahıllar Günü qeyd edildi - FOTOLAR

1 Oktyabr 2014 15:16 (UTC+04:00)


Nərimanov Rayon İcra Hakimiyyətində Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında vətəndaşlarımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf və tərəqqi xüsusi qayğıya ehtiyacı olan şəxslərin, o cümlədən ahıl vətəndaşların sosial müdafiəsinin davamlı güclənməsinə imkan yaradıb: "Bu gün respublikamızda ahıllara müxtəlif sosial xidmətlər göstərilir, onların sağlamlığının qorunması, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzində saxlanılır".

İ.Mahmudova həmçinin, Nərimanov rayonunda yaşayan ahılların güzəranının yaxşılaşdırılması, onların sağlam həyat tərzində yaşamalarının təmin edilməsi istiqamətində məqsədyönlü işlər görüldüyünü, ölkənin sosial, ictimai və mədəni həyatında fəal iştiraklarının təmin olunması üçün əlverişli şəraitin yaradıldığını xüsusi olaraq vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, rayon ictimaiyyətinin nümayəndələri və ahıllar çıxış edərək bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlərdən, eyni zamanda gənclərimizin ahıl insanların zəngin təcrübəsindən yararlanması yönündə görülən işlərdən danışıb, ahıllara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirə rayon ağsaqqallar və veteranlar şuralarının üzvləri, ziyalılar və fəal gənclər qatılıb.