“Baku Guide“ bələdçi kataloqunun oktyabr sayı çapdan çıxdı

3 Oktyabr 2014 10:40 (UTC+04:00)


Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, "Bakı haqqında hər şey" ("All about Baku") konseptində Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşr hər yeni sayında oxuculara zəngin və dolğun materiallar təqdim edir.
Paytaxtımıza təşrif buyuran turistlər və aktiv mədəni istirahətə üstünlük verən şəhər sakinləri kataloqun budəfəki sayında teatr və konsert müəssisələrinin oktyabr ayı üçün repertuarı, ənənəvi Bakı Caz Festivalının konsert proqramları, habelə Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar əldə edə, Qobustan, Atəşgah məbədi, Qala etnoqrafik qoruğu haqqında yazılarla tanış ola bilərlər.

Bundan başqa Göyçayda keçiriləcək növbəti Nar bayramı, Simens qardaşlarının fəaliyyətinin 150 illiyi ilə bağlı materiallar da maraq doğuracaq. Bundan əlavə, nəşrdə Azərbaycanda şəbəkə sənəti, milli geyim, milli mətbəx, kənd turizmi haqqında qısa, illüstrativ tanıtım məqalələri verilib.

Onu da qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin 27 sentyabr – Dünya Turizm Günü ilə bağlı "Hilton" hotelində təşkil etdiyi təntənəli mərasimdə "Baku Guide" bələdçi kataloqunun təqdimatı keçirilib.



AzNews.az