Azərbaycanda geniş “dil toplantısı” oldu - FOTO
3 Oktyabr 2014 14:57 (UTC+04:00)
Toplantıda Prezidentin 9 aprel 2013-cü il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramının icrası məsələləri müzakirə edilib. AzNews.az xəbər verir ki, millət vəkili, Azərbaycan Dil Qurumunun rəhbəri Sabir Rüstəmxanlı tədbiri giriş sözü ilə açaraq dil məsələsinin heç kəsin inhisarında olmayaraq, xalqa məxsus olduğunu bildirib.
"Bugünki məsələ olduqca vacibdir, təkcə Dilçilik İnstitutuna və AMEA-ya aid olan məsələ deyil. İstənilən qurum bununla bağlı fikri bildirə bilər. Sərəncamla bağlı görüləcək işlər bütün ölkə həyatını əhatə edir".
Millət vəkili Azərbaycan Dil Qurumu (ADQ) İctimai Birliyinin yarandığı gündən KİV-in dili və reklam lövhələri ilə bağlı 16 monitorinq aparıldığını, 40-dan çox təbliğat çarxları hazırlandığını bildirdi. Onun sözlərinə görə, müxtəlif televiziyaların tok-şou proqramlarında bu mözvunun müzakirəsi aparılıb, 24 dəyirmi masa keçirilib, təkliflər səsləndirilib. Dil qüsuruna yol verən şirkətlərin məhkəməyə verilməsi ənənəsi ADQ tərəfindən irəli sürüldüyünü də diqqətə çatdıran S.Rüstəmxanlı bildirib ki, məhkəmə ADQ-ni tərəf kimi qəbul etmədiyindən bu barədə heç bir qərar çıxarılmayıb:
Son günlər gündəmə gələn soyadsonluqları ilə bağlı problemə də toxunan deputat qeyd edib ki, 2002-ci ildə soyad sonluqları ilə bağlı qərar verilib, üstündən 22 il keçib, ancaq bunu heç kəs dəyişdirmək istəmir.
"Prezident tarixi sərəncam verib, Dövlət Proqramı hazırlanıb, ancaq proqramın icrası qənaətbəxş deyil. Bu milli şüurun iflicidir, mən Milli Məclisdə deməkdən, onlar da cavab verməkdən yorulublar. Biz ana dilimizdən danışırıq. Əgər anamıza "mama" deyiriksə, orta məktəblərdə "mama dili" deyək, uşaq öz anasına ana deməlidir. Mən Akademiyanın işləri ilə bağlı hansısa fikir söyləməyə iddialı deyiləm, ancaq gərək sərəncamdan dərhal sonra şəhərdəki reklamlara əl gəzdiriləydi. Bunun olmaması hörmətsizlikdir, bunu yenidən müzakirə etməliyik. Uşaq rus məktəbində oxuyursa şüur dəyişəcək, bunu heç kəs inkar edə bilməz. Doğrudur, onların da arasından gözəl ziyalılarımız çıxır. Bunu heç kəs inkar edə bilməz. Ancaq ümumi halda bu məsələyə diqqət yetirilməlidir".
Uşaqların ana dilində söz ehtiyatına toxunan S.Rüstəmxanlı Amerika və Azərbaycanda bu sahədəki vəziyyəti müqayisə edib:
"Amerikada 10 yaşına qədər uşaq 5500 sözdən aktv istifadə edir. Azərbaycanda isə orta məktəb şagırdlərinin söz bazası 1500-dür. Ali məktəblərdə oxuyanların fəal söz ehtiyatı 3 000-dir. Bu, dilimizin bütün ehtiyatlarını fəal dilə çevirə bilməməyimizi göstərir. Səməd Vurğun dilimizi "təmizlədi", dilin bir hissəsini arxivə göndərdi. O sözlərin bir hissəsi arxivdən çıxarılmalıdır".
Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli son illər dilin statusu ilə bağlı çoxsaylı sənədlərin qəbul olunduğunu xatırlatdı. "Dilə xor baxmaq, xalqa xor baxmaq deməkdir" deyən teletənqidçinin szölərinə görə, dilimizə sanki 2 münasibət var- bir mərkəzi küçədə, bir də ucqarlarda. Mərkəzi küçədə nbəziləri özlərini kübar göstərməkdən ötrü rus dilində danışırlar. bir az ucqarda kənd yerlərində dili sevən, amma dilin zənginliyi barədə az məlumatlara malik vətəndaşlar. Eyni zamanda mətbuatın dilə biganə münasibəti, hətta yazıçıların da dilə laqeydliyi, onu inkişafa yox, geriyə dartması çox ciddi problemdir. İnsanlarda dilə sevgi olmasa, bu dili inkişaf etdirmək mümkün olmayacaq. Baxmayaraq ki, bu məsələ ilə bağlı Prezidentin sərəncamından sonra çox ciddi işlərə başlanılıb".
Keçmiş Təhsil naziri, professor Firudin Ağasıoğlu çıxış edərək ən bərbad terminologiyanın dilçilik elmi olduğunu söylədi və bunu dilçilərin günahı adlandırdı.
Mirzə Ələkbər Sabirin nəvəsi, Sabir Fondunun prezidenti Sevda Tahirli müasir dilin tətbiqi ilə bağlı keçirilən monitorinqin nəticəsindən danışıb. O, bildirib ki, radio-televizyadan tutmuş adi şəxslərin danışığına qədər yanlışlıqlar müşahidə olunub. S.Tahirli bədii qiraət, yazı müsabiqələrinin keçirilməsinin mümkünlüyünü bildirib.
Tədbir iştirakçıları Dövlət Proqramının icrası istiqamətində tədbirlərin genişləndirilməsi, müzakirələrin mütəmadi olaraq davam etdirilməsi, təkliflərin ümumiləşdirilməsini qərara alıb.
Sonda qeyd olunub ki, Birliyin hazırda ana dilinin yazı qaydalarını təbliğ edən və onlayn qaydada orfoqrafiya lüğəti yüklənən saytı (www.adq.az) fəaliyyət göstərir.
AzNews.az