Kəlbəcərdə öldürülən Həsən Həsənovun atası danışdı

4 Oktyabr 2014 10:28 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun atası Fərman Həsənov deyib.

O, Azərbaycan prezidentinə oğlunun cənazəsinin qaytarılmasında göstərdiyi səylərə görə təşəkkür edib: "Prezident İlham Əliyev demək olar ki, hər gün bu məsələ ilə maraqlanıb. Biz prezidentimizə təşəkkür edirik".

Mərasimdə iştirak edən, ermənilər tərəfindən girov götürülmüş Dilgəm Əsgərovun qardaşı Sahib Əsgərov da ölkə başçısına təşəkkür edib: "Mərhumun meyitinin qaytarılmasında göstərdiyi diqqətə görə prezidentimizə təşəkkür edirik. Biz bilirik ki, Dilqəm və Şahbazın geri qaytarılması üçün ölkə başçısı əlindən gələni edir. Ümid edirik ki, onlar da tezliklə sağ-salamat geri qaytarılacaqlar".

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov isə jurnalistlərə açıqlamasında deyib ki, dövlət başçısının səyi və təkidi nəticəsində H. Həsənovun cənazəsini qaytarmaq mümkün olub. G. Fərhadov bildirib ki, mərhumun dəfn mərasiminin təşkilini və digər xərcləri onun anadan olduğu Cəbrayıl rayonunun İcra Hakimiyyəti öz üzərinə götürüb.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək, öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə qarşı tərəfdən alınıb.

Mərhum bu gün Bakıda dəfn ediləcək.