Onun ayaq qoyduğu yerə...

5 Oktyabr 2014 19:37 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun mətbuat katibi, tanınmış jurnalist Ceyhun Musaoğlu Müəllim Günü ilə bağlı özünün Facebook səhifəsində diqqətçəkən statusla çıxış edib.

AzNews.az C.Musaoğlunun yazdıqlarını təqdim edir:

"Ey şagirdlər, müəlliminiz sizi döyəndə qaçıb mamanıza xəbərləməyin, yaxud telefonunuza çəkib, daha çox şəxsiyyət aşağılamaqla məşğul olan televiziyalara göndərməyin.

Müəllim birinci valideyindi. Müəllimlərim məni o qədər döyüb ki, çəkib bu gün təqdim etsəydim indiki "mamauşağı" münasibəti ilə onları güllələyərdilər.

Bu gün isə həyatımda tez-tez güllər açır. Müəllimlərimin döyən əllərinə, öyrədən dillərinə qurban. Əllərində xətkeş, dillərində bu cümləydi: "10-a heç vaxt düzəlməyəcək". 10-a məktəbi bitirdi və 28 şagirdindən 23-ü ali məktəbə qəbul oldu. Bu gün bu nəticəni bir rayon belə, verə bilmir.

Valideynlər, uşaqlarınız müəllimlərin onları vurduğunu əks etdirən görüntüləri sizə göstərəndə əksinə mövqe tutun. "Gör özünü necə aparmısan ki, müəllim sənə əl qaldırıb" deyərək, onları danlayın, valideyn silləsinə qonaq edin. Və bir də tapşırın: ADAM MÜƏƏLLİMİNİ SATMAZ. ADAM MÜƏƏLİMİNİ GÖZÜNÜN ÜSTÜNDƏ GƏZDİRƏR! ADAM MÜƏƏLLİMİN AYAQ QOYDUĞU YERƏ BAŞINI QOYAR! Əgər həqiqətən də adam olmaq istəyirsə!"

AzNews.az