Rusiyanın Azərbaycanı icarəyə götürmək planı

6 Oktyabr 2014 08:43 (UTC+04:00)


Görünən budur ki, şimal qonşumuz ən müxtəlif bəhanələrlə Azərbaycan öz təsiri altına almaq istəyir. Gah "Milyarderlər ittifaqı" layihə işə salındı, gah Azərbaycandakı "beşinci kolon" hərəkətə gətirildi, gah Dağlıq Qarabağa "sülhməramlı" adı ilə silahlı qüvvələrin yerləşdirilməsi ideyası gündəmdə oldu. İndi də Rusiya növbəti planını masaya çıxarıb.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev deyib ki, meyvə və tərəvəz istehsalı üçün Azərbaycanla birgə müəssisələrin, o cümlədən logistik mərkəzlərin, anbarların yaradılması üzərində iş aparılır. Kənd təsərrüfatı naziri Heydər Əsədov isə məsələnin məğzini bir az da açaraq bildirib ki, Rusiya ilə Azərbaycan ərazilərinin icarəyə götürülüb, məhsul yetişdirilməsi müzakirə olunur. Baş nazirin müavini Yaqub Eyyubovun "Rusiya heç vaxt diz çökməyəcək" açıqlamasının ardınca icarə müzakirələrinin ortaya çıxması narahatlığı artırır.

Avropanın sanksiyaları ilə üz-üzə qalandan sonra Rusiya Azərbaycana daha çox "bostan" kimi baxmağa başlayıb. Azərbaycan məhsuluna yaşıl işıq yandırılandan sonra ölkənin kasıb təbəqəsi üçün meyvə tərəvəz almaq da əlçatmaz olub. İndi Rusiya bizi daha bir "xeyrə" çatdırmaq istəyir – torpaqlarımızı icarəyə götürərək əkib-becərməklə. Olmaya bu, Gömrük İttifaqı layihəsinin başqa variantıdır, Azərbaycanı qarmağa salmaq üçün. (Sabah Rusiyanın bu torpaqlarda işləyən hansısa bostançının təhlükəsizliyi də gündəmə gələ bilər.)

Rusiya ilə belə təhlükəli oyuna getmək olmaz. Uzaq-yazın tariximiz də bunu sübut edir. Xaçmazın iki kəndinin - Xraxoba və Üryanobanın nümunəsini xatırlayaq. 1954-cü ildə Azərbaycanın 300 hektar sahəsi olan bu iki kəndi SSRİ Nazirlər Sovetinin qərarıyla otlaq üçün Dağıstana icarəyə verilmişdi. 30 il sonra - 1984-cü ildə Azərbaycan Nazirlər Soveti Xraxoba və Üryanoba kəndlərilə bağlı icarə müddətini daha 20 illiyə uzatdığı üçün Azərbaycan ərazilərini yalnız 2008-ci ildə geri qaytara bildi...

250 hektar ərazidə yerləşən Qəbələ RLS-in Rusiyaya su qiymətinə icarəyə verilməsini də unutmamışıq. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə vermişdi. Ancaq sonradan məlum oldu ki, Rusiya Azərbaycan əhalisi üçün fəlakət mənbəyi olan bu qorxulu obyekt üçün cüzi məbləği də ödəmək istəmir. Nəticədə rəsmi Bakı stansiyanın fəaliyyətini dayandırmağa nail oldu. Rusiya Baykonur kosmodromunun istifadəsinə görə Qazaxıstana ildə 350-400 milyon dollar ödədiyi halda Azərbaycanın tələb etdiyi 300 milyonu verməkdən imtina etmişdi. Moskva bizdən bostan əkmək üçün münbit torpaq istəyir. Hansı ki, bu stansiya 80-ci illərdə gücləndirilmiş rejimdə işlərkən ətrafda bir hektarlıq ərazini yandırmışdı. Biz icarənin "xeyri"ni çox görmüşük...

Yeri gəlmişkən, 2012-2013-cü illərdə Ermənistanın İrana 50 min hektar otlaq sahəsini icarəyə verməsi barədə danışıqlar getsə də, bu, nəticəsiz qaldı. Ermənistanda bu danışığı "vətənə xəyanət" adlandırıb məsələni qapatdılar. Hansı ki, acından ölən, ölkədən baş götürüb gedən ermənilərin boş əraziləri pul müqabilində icarəyə verməyə daha çox ehtiyacı var idi. Bizim varlı ölkənin gərək ki, Rusiyanın səxavətinə ehtiyacı qalmasın. Məgər torpaqlarımızı əkib-becərə bilmirikmi? Axı biz "əkin sahələri", "örüş sahələri" adı altında zaman-zaman torpaqlarımızın ermənilərin caynağına keçirilməsinin şahidi olmuşuq, gərək bunları bizə dərs olsun.

Rusiya ərazisinə görə dünyada ən böyük (17.075.400 km2 ərazi) dövlətdir. Bu ölkənin 40 milyon hektar əkin sahəsi bu gün tam istifadəsiz qalıb, işləyən yoxdur deyə. Azərbaycan isə çox kiçik bir ölkədir, üstəlik, 86,6 min kv.km-lik rəsmi ərazisinin 20 faizə yaxını elə Rusiyanın köməyi ilə işğal olunub. Özü də on illiklərdir işğal altında qalan Azərbaycanın ən münbit torpaqlarıdır. Şübhəsiz ki, torpaq icarəsi söhbəti daha çox siyasi məqsədlidir və bu, bizə çox baha başa gələ bilər.

Bu razılaşmanın ölkə insanını narazı salacağı da məlum. Borçalıda soydaşlarımızın torpaqlarını icarə adı ilə hətta ermənilər belə alıb, camaat qalıb havada. Kim qarantiya verə bilər ki, Azərbaycanda eyni hal yaşanmayacaq? "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanuna görə torpaq dövlət ehtiyacları üçün alındıqda, onun əvəzində icarəçiyə eyni ölçüdə və keyfiyyətdə başqa torpaq verilə bilər. Torpaq ehtiyatının azlığı şəraitində Rusiyaya verilən torpağın əvəzi hardan gətirilib kəndlimizə veriləcək? Bəlkə bundansa Azərbaycan kəndlisini güzəştli kreditlə, texnika, gübrə ilə təmin edib torpaqlarımızın əkilməsinə stimul yaratsanız yaxşı olar. Axı qeyr-neft sektorunun inkişafı həm də kənd təsərrüfatının inkişafından keçir...

Azərbaycan ərazilərinin sürətlə şoranlaşdığı, eroziyaya məruz qaldığı barədə mütəxəssislər vaxtaşırı həyəcanla danışır. Ölkənin çox böyük əraziləri əkinə yararsız çöllüklərə çevrilib. Hesablamalara görə, torpağın üz qatının münbitliyini bərpa etmək üçün 25 il vaxt və 1 milyon dollar vəsait lazımdır. Hazırda ölkədəki torpaq fondunun 4 milyon hektarı kənd təsərrüfatına yararlı sayılır ki, bu ərazilərin də 1 milyon 30 min hektarı - 30 faizi - şoranlaşıb. Vaxtaşırı yararlı torpaqlar uğrunda hətta silahların işə düşdüyü qarşıdurmaların da şahidi oluruq. Yəni Azərbaycan kəndlisi bu gün əkin üçün yararlı torpaq çatışmazlığı ilə üzbəüz qaldığı halda ərazilərin Rusiyaya icarəyə verilməsi azı təəccüblüdür.

Rusiya Azərbaycana dost olduğunu sübut etmək istəyirsə, buyursun, ermənini ərazilərimizdən rədd eləsin, ondan sonra münbit Qarabağ torpaqlarının icarəyə verilməsini də müzakirə etmək olar...


musavat.com