Nazirliklərə gecikən məktublar: Nazirlik saxtakarı axtarır...

8 Oktyabr 2014 09:21 (UTC+04:00)


İyrimi birinci əsrdə yaşamağımıza baxmayaraq Abdulla Şaiqin "Məktub yetişmədi" hekayəsi hələ də aktual olaraq qalır. Texnologiyanın günü-gündən inkişaf etdiyi dövrdə hələ də rəsmi şəkildə kağız üzərində məktub tələb edən nazirliklər var. Güman ki, bu tələbi irəli sürən rəsmi dövlət idarələri Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin işindən xəbərsizdir. Çünki paytaxtın rayonlarından hər hansı nazirlyə göndərilən müraciət 3-4 günə ünvanına çatır. Bakı kimi balaca şəhərdə günlərlə "yol qət edən" məktub ən yaxşı halda 2 günə ünvana yetişir.

Bir müdət əvvəl Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin adı dəyişdirilib Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qoyulsa da, keyfiyyət heç də "yüksək" deyil. Hər hansı məsələ ilə bağlı nazirliklərdən rəsmi cavab gözlədiyin halda məktubun ünvanına gec çatması və dövlət iradəsinin də müraciətə cavabı bir az gecikdirməsi artıq problemin aktuallığını itirir, son nəticədə isə rəsmi cavab əhəmiyyətsiz olur.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov da məktubların ünvanına gec çatmasını inkar etmir. Nazirlik rəsmisi belə halların olduğunu danmasa da, fakt olduğu halda araşdırıldığını deyir.

"Ola bilər ki, belə hallar olsun. Bir ildə Azərbaycanda 7 milyona yaxın məktub ünvanlanır. Məktub qəbul olunanda zərfin üzərinə, çatdırılanda arxa hissəsinə möhür vurulur. Həmin möhürdə hansı tarix yazılıb? Verin araşdıraq. Saxtakar varsa, cəzalandıraq. Məktubun Bakı şəhəri ərazisində çatdırılması əslində, qəbul olunduğu günün növbəti günü təmin olunur. Əgər müstəsna hal, mətbuatların ünvana çatdırılmasında gecikmə varsa, araşdıraq"-deyə N.Məmmədov bildirib.

Gültəkin ƏLƏSGƏR