“Avtobus sürücüləri stabil maaş alacaq” - Namiq Həsənov
9 Oktyabr 2014 15:31 (UTC+04:00)
AzNews.az ANS TV-yə istinadən xəbər verir ki, avtobusların iştirakı ilə baş verən qayda pozuntuları xoşagəlməz sonluqla nəticələnir. Belə hadisələrdən biri də sonuncu dəfə metronun Xətai stansiyası yaxınlığında baş vermişdi. Belə ki, 30 saylı marşrut xətti il hərəkət edən iki avtobus bir-biri ilə toqquşub. Toqquşan avtobuslardan biri bu vaxt dayanacaqdan çıxırmış. Digəri isə ona məhəl qoymadan yanından sürətlə keçmək istəyib. Ancaq bacarmayıb və ictimai nəqliyyat vasitələrinin toqquşması nəticəsində ötmə əməlliyatını yerinə yetirmək istəyən avtobus səkiyə çıxıb.
Hadisə nəticəsində hər iki avtobusa ciddi ziyan dəyib, sərnişinlərdən biri isə yüngül xəsarət almışdı. Avtobusun səkiyə çıxması nəticəsində yol təsərrüfatına da zərər dəyib.
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib ki, avtobuslarin iştiraki ilə baş verən qəzaların qarşısının alınması üçün Nazirlik tərəfindən tədbirlər görülür. Sürücülərin, həmçinin mədəniyyət səviyyələrinin artırılması üçün sürücü bazası yaradılıb. Kurslara cəlb olunan sürücülərə, həmçinin xarici dil də öyrədiləcək.
2015-ci ilin mart ayına qədər isə bütün avtobuslar kart sistemi ilə tam təmin olunacaq və yalnız bundan sonra baş verən qəzaların qarşısını almaq mümkün ola bilər. Çünki belə olan halda sürücülər stabil maaş alacaqlar. Bununla da sürücülərin qarşısına qoyulan plan ləğv olunacaq.
Ümid edək ki, Nəqliyyat Nazirliyi tərəfindən görülən bu tədbirlər tezliklə öz nəticəsini verəcək.