Liberiya səhiyyə işçiləri tətilə hazırlaşır – Ebolaya görə
13 Oktyabr 2014 15:03 (UTC+04:00)
AzNews.az BBC-yə istinadən xəbər verir ki, ölkənin Səhiyyə İşçiləri Assosiasiyası Ebola xəstəliyi riskinə görə Ebola xəstələrinə baxan personala aylıq risk ödənişinin artırılmasını istəyir.
Liberiya səhiyyə nazirinin müavini Tolbert Nyensvah isə deyib ki, tətil Ebola xəstəliyindən əziyyət çəkənlərə, xəstəliyə qarşı mübarizədə indiyədək əldə olunmuş irəliləyişə mənfi təsir göstərəcək.
Hökumət, epidemiyanın indiki miqyasının risk ödənişlərinə dair ilkin razılaşdırmaların yerinə yetirilməsinə imkan vermədiyini bildirib.
Liberiyada Ebola xəstələrinə qayğı göstərən tibbi personalın orta maaşı 200-300 dollar (170-230 AZN) olduğu halda riskə görə əlavə aylıq ödəniş hazırda 500 dollar (390 AZN) təşkil edir.
Tətil keçirmək istəyən işçilər isə aylıq risk ödənişinin 700 dollaradək (550 AZN) qaldırılmasını tələb edirlər.
Liberiya Ebola epidemiyasına ən ağır dərəcədə məruz qalan ölkələrdəndir.
Ebola xəsətəliyindən Liberiyada indiyədək 95 tibbi işçi ölüb, epidemiyadan dünyada ölənlərin sayı isə 4000-dən çoxdur.