Gənc şairlər necə həbs olunmalarından danışıblar

18 Sentyabr 2012 15:05 (UTC+04:00)
İranda həbsdən azad olunan Azərbaycanın gənc şairləri çərşənbə axşamı keçirdikləri mətbuat konfransında azadlığa çıxmalarında göstərdiyi səyə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə və ictimaiyyətə təşəkkür ediblər.

Gənc şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn mətbuat konfransında bildiriblər ki, onların həbs məsələsinin Azərbaycanda geniş ictimailəşməsi azad olmalarına səbəb olub. Onlar bildiriblər ki, həbsxanaya köçürüləndən sonra Azərbaycanın Təbrizdəki baş konsulunun müavini Nəriman Orucəliyev onlarla görüşüb, dövlətin bu məsələni nəzarətdə saxladığını bildirib.

Fərid Hüseyn mətbuat konfransında deyib ki, İrana həmin ölkədə yaşayan şair Bəhram Sürgünün dəvəti ilə ədəbi festivalda iştirak etmək üçün gediblər. Səfər ərəfəsində onlar Təbrizdə Məhəmmədhüseyn Şəhriyarın oğlu ilə görüşüblər, qəbiristanlıqda olublar və digər muzeyləri ziyarət ediblər.

Mayın 2-də saat 22:20 radələrində Təbrizdəki avtovağzalda avtobusa minib Bakıya qayıtmaq istəyəndə İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Saxlama müddəti ərzində 25 gün təkadamlıq kamerada olmaqla, ümumilikdə 86 gün İran İnformasiya və Təhlükəsizlik Nazirliyinin binasında (ETTELAAT), 40 gün isə təcridxanada saxlanılıblar.

Fərid Hüseynin sözlərinə görə, İran xüsusi xidmət orqanları tərəfindən onlara bildirilib ki, İrana səfərləri zamanı tədbirdə iştirakla bağlı icazə kağızları olmayıb. Şəhriyar Hacızadə isə deyib ki, onların işi üzrə iki məhkəmə iclası keçirilib. Bu proseslərdən biri qapalı olub. İkinci proses isə avqustun 7-də açıq keçirilib. Gənc şairləri İrana dəvət edən Bəhram Sürgün barəsində isə 3 il ev dustaqlığı tədbiri seçilib. Gənc yazarlar qeyd ediblər ki, həbsdə olduqları müddətdə onlara əvvəlcə icazə kağızının olmaması ilə bağlı, sonradan isə İran əleyhinə təbliğata cəhd ittihamı irəli sürülüb.

AzNews.az