Musiqi günündə Üzeyir Hacıbəyova hədiyyə!

18 Sentyabr 2012 15:40 (UTC+04:00)


Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə internet portallarından birində verdiyi müsahibəsində Opera və Balet Teatrının repertuar siyasətini darmadağın edib: "Onu da deyim ki, səhnədə getməli bir neçə operamız var. "Koroğlu", "Leyli və Məcnun" nə qədər olar? Onlar gözəl, dahi əsərlərdir.

Amma biz bunları artıq əzbərləmişik. Operamızda yalnız əzbərlədiyimiz əsərlər oynanılır. Cahangir Cahangirovun "Xanəndənin taleyi", Məmməd Quliyevin "Aldanmış ulduzlar", Ramiz Mustafayevin "Vaqif", Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operası niyə səhnədə yoxdu?"


Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şüküfə Ağamirzəyeva isə AzNews.az-a açıqlamasında Firəngiz xanımın dediklərinin əsasız olduğunu bildirdi: "Firəngiz Əlizadənin söylədikləri onun şəxsi fikridir. Elə əsərlər var ki, onlar hər zaman repertuarda olmalıdır. Azərbaycan opera sənətinin inciləri sayılan "Koroğlu", "Leyli və Məcnun" bu sıradadır. Biz tanış olduğumuz kimi, bu gözəl əsərlərlə yeni yetişən nəsil də onlarla mütləq tanış olmalı, dinləməli və seyr etməlidir.

Hazırda Opera və Balet Teatrının repertuarında təkcə Ü.Hacıbəylinin deyil, bir çox Azərbaycan bəstəkarları - Z.Hacıbəyov, Q.Qarayev, F.Əmirov, Ə.Bədəlbəyli, V.Adıgözəlov, T.Bakıxanov, X.Mirzəzadə, A.Əlizadə, N.Əliverdibəyovun və s. kifayət qədər opera və balet tamaşaları var. Yeni əsərlər də səhnəyə qoyulmaqdadır".
Ş.Ağamirzəyeva müsahibədə adı çəkilən opera tamaşaları ilə bağlı fikri belə əsaslandırdı: "Bu adı çəkilən tamaşalar müxtəlif illərdə teatrın repertuarında olub. Eyni bir əsər daimi repertuarda qala bilməz.

Yeri gəlmişkən, hazırda "Əsli və Kərəm" operası üzərində iş gedir. İlin sonuna kimi tamaşaçılar bu operanı səhnədə görə biləcəklər. O ki, qaldı klassik repertuara, Opera və Balet Teatrının repertuarını diqqətlə izləyən tamaşaçı burada Qərb dramaturqlarının da əsərlərini burada görər. Teatr hər zaman tamaşaçı marağını mütləq şəkildə nəzərə alır. Hansı əsərlərə daha çox ehtiyac və tələbat varsa, o əsərlər də repertuara daxil edilir".

Bahar Rüstəmli
AzNews.az