Elxan Qaraxanoğlu: “İndi yalnız ata olmaq istəyirəm”

18 Sentyabr 2012 18:00 (UTC+04:00)
Keçən il ailə quran müğənni Elxan Qaraxanoğlu ata olmağa hazırlaşır. Bu barədə AzNews.az-a danışan E.Qaraxanoğlu övladının gəlişi ailəini məsud və xoşbəxt edəcəyini deyib: "Balam yanvar ayında dünyaya göz açacaq.

Onu bilirəm ki, çox xoşbəxtəm! Gözəl ailəm var. Bu yaxınlarda 35 illik yubileyimi qeyd etdim. Gec evləndim, amma Allah məni tez bir zamanda mükafatlandırdı. İndi yalnız ata olmaq həvəsiylə yaşayıram. İnşallah, balam dünyaya gələndən sonra onu Azərbaycan xalqına layiq bir övlad kimi tərbiyə etmək, ona layiqli təhsil verib ərsəyə gətirmək yeganə və tək arzumdur".

Müğənni yaradıcılığında yaranan fasilədən danışaraq, yeniliklərə imza atacağını söyləyib: "İnşallah, tamaşaçıların görüşünə yeniliklərlə gəlmək istəyirəm. Toyumdan sonra demək olar ki, özümü yalnız ailəmə və istirahətə həsr etmişəm. Həddindən artıq da çox kilo almışam.

Bu vəziyyətdə tamaşaçıların qarşısına çıxmaq istəməsəm də, amma dəvət olunan televiziya verilişlərinə etiraz da etmirəm. Bilirəm ki, bu, mədəniyyətsizlikdir. Hər dəfə efirdən sonra özümü izləyirəm və efirdə necə görünməyimə xüsusi diqqət yetirirəm".

Fuad Mədətov
AzNews.az