Tovuzda qədim yaşayış məskəni aşkar olundu - VİDEO

16 Oktyabr 2014 15:25 (UTC+04:00)


AzNews.az Türkel TV (TTV)-yə istinadən xəbər verir ki, Tovuzun Dondar Quşçu kəndində qədim yaşayış məskəni kimi ehtimal olunan ərazi tapılıb. Ərazi təxminən 1 hektar yeri əhatə edir. Sakinlərin uzun illərdir ki, sarı torpaq üçün qazdığı təpədən ard-arda qədim əşyalar çıxır.

Kənd sakini Gündüz Əliyev: "Ərazidən tikinti materialı üçün gil aparırdım. Bu daşı onda tapdım. Yəqin ki, bura araşdırılmalıdır arxeoloqlar tərəfindən. Böyük tarix yatır burda bəlkədə. Bəlkə də qədim bir şəhərin qalıqları var burda".

Tapılan saxsı qablar xüsusi naxışlarla bəzədilib, bir sözlə hər qabı ayrılıqda sənətkarlıq nümunəsi adlandırmaq olar. Tapılansa tək bu qablar deyil, onları düzəldən sənətkarların, burada yaşayan digər sakinlərin sümüklərinə də vaxtaşı rast gəlinir.
KƏND SAKİNİ SAHİB VƏLİYEV: "Torpaqdı da kimə lazım oldu gəlib aparır. İçindən də küpə çıxır, saxsı qablar, sümüklər çıxır. Küpənin içindən insan sümükləri çıxır. Ancaq insan sümükləri."

Əşyalar, sümüklər burada nə vaxtsa yaşayış olduğunu göstərir. Amma dəqiqini arxeoloqlar bilər. Onlarsa hələ ki, əraziyə baş çəkməyiblər. Beləliklə sakinlər bəlkə də minilliklərin tapıntısı ola biləcək ərazidə tədqiqatlara başlanılmasını istəyirlər. Buranın hansı qədim şəhərin xarabalığı olmasnı isə sonda tarixçilər deyəcək.



Xəyal Əzizov