İrandakı zorakılıqlara Bakıdan etiraz – BƏYƏNAT

17 Oktyabr 2014 13:22 (UTC+04:00)




Vətəndaş Həmrəyliyi Partiyasından AzNews.az-a daxil olan məlumatda bildirilir ki, oktyabrın 16-da Urmiya şəhərində Yaxın Şərqdə cərəyan edən hadisələrə etiraz olaraq aksiya keçirilib. Yüzlərlə soydaşımız küçə və meydanlara axışaraq müxtəlif silahlı qruplaşmaların, o cümlədən terror təşkilatlarının regionda həyata keçirdikləri cinayətləri qınayıblar. Onlar Urmiyanın "Vilayəti Fəqih" (Mərkəz) meydanı və Sərdəran xiyabanında "Ölüm olsun Öcalana!", "Ölüm olsun PKK-ya!", "Ölüm olsun PJAK-a!", "Şəhidlər ölməz, vətən bölünməz!" "Türkün torpağı bölünməz!", "PJAK gərək məhv ola!", "Ya-ya, şa-şa, Azərbaycan çox yaşa!" kimi şüarlar səsləndiriblər. Ancaq İran nizam-intizam qüvvələri (polis) və təhlükəsizlik qüvvələri həmişə olduğu kimi, yenə də dinc aksiyaya müdaxilə edib, nəticədə tərəflər arasında güclü toqquşma baş verib. Bir neçə nümayişçi vəhşicəsinə döyülüb, milli fəal Əta Kərimi "Vilayəti Fəqih" meydanında həbs olunub. Tutulanların sayının daha çox olduğu bildirilir:

"Vətəndaş Həmrəyliyi Partiyası olaraq bəyan edirik ki, Yaxın Şərqdə cərəyan edən hadisələr, müxtəlif silahlı qruplaşmaların, o cümlədən terror təşkilatlarının bölgədəki fəaliyyətləri və həyata keçirdikləri cinayətlər dünya ictimaiyyətini ciddi narahat edir. Təbii ki, bütün bunlar İranda öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərini də narahat etməyə bilməz və kürd millətçilərinin Güney Azərbaycan torpaqlarına ərazi iddiası irəli sürməsi, xüsusilə PKK terror təşkilatının İran qolu sayılan PJAK silahlı qruplaşmasının son illərdəki fəaliyyətlərini nəzərə almaq lazımdır. Ona görə də soydaşlarımızın terrorizmə qarşı haqlı olaraq etiraz səslərini ucaltmaları başadüşüləndir. Bu baxımdan İran təhlükəsizlik qüvvələrinin dinc aksiya iştirakçılarına qarşı həyata keçirdikləri bütün zorakılıq hərəkətlərini kəskin şəkildə pisləyir və həbs olunanların dərhal, qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirik".