Şərqşünas alim Aida İmanquliyeva anıldı

19 Sentyabr 2012 12:11 (UTC+04:00)
XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri çərşənbə günü II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 20 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıblar.

Baxşəliyeva Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib. Aida xanımın elmi fəaliyyətinin hər bir dövrünü xatırladan Gövhər xanım onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyib.

Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini vurğulayıb. Baxşəliyeva Aida İmanquliyeva itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib. Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı və ilk azərbaycanlı ərəbşünas qadın, elmlər doktoru Aida İmanquliyeva özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açıb.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiə edib. İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ-də Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi.

Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan Aida xanım İmanquliyeva Sovet İttifaqında və Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub. İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb. Üç monoqrafiya ("Mixail Nuaymə və "Qələmlər birliyi", Moskva,1975; "Cübran Xəlil Cübran", Bakı, 1975; "Yeni ərəb ədəbiyyatının korifeyləri", Bakı, 1991) və 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

AzNews.az