Cəlilabadda yol qəzası - Xəsarət alanlar var

20 Oktyabr 2014 11:13 (UTC+04:00)


APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt Astara magistralının 143-cü kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayonunun Mollaoba kənd sakini, 1974-cü il təvəllüdlü Əlişir Nurəli oğlu Nurəliyevin idarə etdiyi "VAZ- 21015" markalı, 90 BK 365 dövlət nömrə nişanlı minik avtomobili Astara istiqamətində olarkən eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər Qaradağ rayon sakini, 1954-cü il təvəllüdlü Sadiq Əmirəhməd oglu Fərhadovun idarə etdiyi mişar daşı ilə dolu "KamAZ" markalı, 10 BL 799 dövlət nömrə nişanlı yük maşınının arxa hissəsinə çırpılıb. Güclü zərbədən müxtəlif dərəcəli bədən xəsarətləri almış "VAZ-21015"-in sürücüsü ilə sərnişini, İmişli rayonunun Mersəlli kənd sakini, 1981-ci il təvəllüdlü Sevda Əlikram qızı Ağayeva Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Minik avtomobili isə yararsız hala düşüb.

İlkin versiya kimi hadisənin "VAZ-21015" markalı avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.