Mehriban Əliyeva İranın vitse-prezidenti ilə görüşdü

20 Oktyabr 2014 19:15 (UTC+04:00)



AzNews.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonağı salamlayaraq "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda V Beynəlxalq konfransın uğurlu keçəcəyinə ümidvar olduğunu söyləyib. Mehriban Əliyeva tədbirdə iştirak etdiyinə görə Şaxindoxt Movlaverdiyə minnətdarlığını bildirib.

Hazırda Azərbaycan ilə İran arasındakı əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini deyən Azərbaycanın birinci xanımı bu il ərzində hər iki ölkənin prezidentlərinin üç dəfə görüşdüyünü bildirib, qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. Mehriban Əliyeva Bakıda keçirilən beynəlxalq konfransın qadın məsələlərinin həllində mühüm rolunu oynayacağına əminliyini ifadə edib.

Şahindoxt Movlaverdi konfransa dəvətə görə təşəkkürünü bildirib. Qonaq ilk dəfədir ki, Bakıya səfər etdiyini deyərək, ümidvar olduğunu vurğulayıb ki, bu konfrans İslam ölkələrində qadınların rolunun artmasına töhfə verəcək.
Sonda xatirə şəkli çəkdirilib.

AzNews.az