Suriya ermənilərinin Ermənistana axını davam edir

19 Sentyabr 2012 13:48 (UTC+04:00)
Suriyada gərginləşən vəziyyət bu ölkədə yaşayan ermənilərin kütləvi köçü ilə nəticələnir. AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, daha bir qrup Suriya ermənisi Ermənistana köçürülüb.

Erməni qaçqınlar yerli KİV-lərə verdikləri müsahibədə, Suriyadakı vəziyyətin acınacaqlı olduğunu və canlarını zorla qurtardıqlarını deyiblər. Suriyadan nə qədər erməninin köçürülməsi ilə bağlı erməni jurnalistlərə məlumat verilməsə də, şahidlər bildiriblər ki, bütün reyslər dolu olub.

Nəzərinizə çatdıraq ki, Suriyada vəziyyətin gərginləşməsindən sonra Ermənistana köçürülən Suriya ermənilərinin sayı durmadan artır. Onların əsasən Qarabağa köçürülməsi planlaşdırılsa da, bəzi məlumatlara görə onlar özləri bu təklifdən imtina ediblər.

Bundan əlavə, erməni mətbuatında yer alan məlumatlara görə, Suriya ermənilərinin ölkəyə küçürülməsi ilə bağlı sosial və iqtisadi problemlər yaranıb. Belə ki, onsuzda iqtisadi çətinliklər məngənəsində boğulan Ermənistanda vəziyyət daha da gərginləşib. Suriyalı ermənilər iş tapa bilmirlər, onların evlə təminatında da problemlər yaranıb.

Sadiq Musa
AzNews.az