“Parisdə Qarabağ sənədi imzalana bilər” – Erməni mətbuatı

23 Oktyabr 2014 12:27 (UTC+04:00)


AzNews.az Virtualaz.org saytın aistinadən xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb.

"Aykakan Jamanax" qəzetinin diplomatik qaynaqlara istinadən yaydığı xəbərə görə, Fransa prezidenti Fransua Olland prezidentlərin birgə bəyannamə imzalamasına nail olmağa cəhd edir.

Prezidentlər Parisdə görüşməyə artıq ilkin razılıq veriblər və bu görüş oktyabrın 26-da baş tuta bilər. Lakin birgə bəyanatın imzalanması məsələsi hələ açıq qalır.

Bildirilir ki, Fransua Olland əvvəlcə İlham Əliyevlə və Serj Sərkisyanla ayrılıqda görüşəcək. Daha sonra görüşlər üçtərəfli formatda davam edəcək. ATƏT-in Minsk Qrupu həmsədrlərinin də prezidentlərin görüşü ilə bağlı Parisə çağırıldığı bildirilir.
20 ildir davam edən danışıqlar ərzində Azərbaycan və Ermənistan prezidentləri tərəfindən münaqişəyə dair imzalanan yeganə sənəd 2008-ci ilin payızında Moskvada imzalanmış Mayndroff bəyannaməsidir. Həmin vaxt Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə görüşən prezidentlər münaqişənin yalnız sülh yolu ilə nizamlanmasının vacibliyi, güc tətbiqindən çəkinməyə çağırışlar və tərəflər arasında etimadı artırmaq üçün humanitar mahiyyətli addımların atılması haqda müddəaların yer aldığı birgə bəyannaməyə imza atmışdılar.

Mayndroff bəyannaməsinin imzalanması danışıqlar prosesində imza atılmış ilk birgə sənəd olduğu üçün xeyli müzakirə olunub, lakin bu bəyannamə münaqişənin nizamlanmasına dair razılaşmanın əldə edilməsinə kömək etməyib.