AzNews.az-ın qaldırdığı problemə Əbülfəz Qarayev reaksiya verdi - EKSKLÜZİV - YENİLƏNİB

20 Sentyabr 2012 15:39 (UTC+04:00)

Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" , "Koroğlu" operaları ilə bağlı yaranmış qalmaqal davam edir. Bu dəfə AzNews.az-a Leyli və Məcnun obrazlarının mahir ifaçıları münasibət bildirdi.

Opera və Balet Teatrının sabiq Məcnunu, Xalq artisti Canəli Əkbərov məsələyə bir cümləylə münasibət bildirdi: "Mən daha bu məsələlərə qarışmıram. Artıq qorxuram".

Əməkdar artist Gülüstan Əliyeva isə dedi ki, Opera və Balet Teatrı bu mövsümü Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" tamaşası ilə açacaq: "Mən operada bu gün də Leyli oynayıram. "Leyli və Məcnun" operasının tamaşaçılar tərəfindən əzbərlənməyi yaxşıdır. Bu Azərbaycanı tanıdan və Şərqdə ilk operadır. 100 il bundan sonra da o dəbdə olacaq. Biz tamaşa ərəfəsində yalnız tamaşaçı bolluğunu hiss edirik. Yorğunluğun nə olduğunu bilmirik. Çünki hər zaman bu tamaşaya anşlaqdır".

***

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin "Koroğlu", "Leyli və Məcnun" operalarının Opera və Balet Teatrının repertuarından yığışdırılması ilə bağlı dediyi fikirlər sənət adamları arasında ciddi reaksiya doğurub. Musiqi xadimlərinin bəziləri deyilən irada inanmaq istəmədiklərini bildirsələr də, bəstəkar Xəyyam Mirzəzadə buna görə İttifaq sədrini təhqir edib.

Ciddi sənətdə yaranmış bu böyük problemin həllini Mədəniyyət və Turizm Nazirliyində axtardıq. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətovun AzNews.az-a cavabı belə oldu: "İş vaxtı çoxdan qurtarıb. İş günü başa çatandan sonra nəyəsə cavab vermək marağında deyilik. Dediyiniz məsələdən isə ümumiyyətlə, xəbərim yoxdur. Məsələylə tanış olum, sonra danışarıq". Bildirək ki, Nazirliyə zəng edəndə saat 18:30 idi.

Mətbuat xidmətinin rəhbərindən fərqli olaraq, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev iş saatı bitsə də, zənglərimizə dərhal cavab verdi və özünə məxsus təmkinlə məsələyə münasibətini bildirdi: "Firəngiz xanım Əlizadə belə dedi? Mənə elə gəlir ki, onu düzgün başa düşməyiblər. İnanmıram ki, Firəngiz xanım belə bir söz desin".

Yaşar
Bahar
AzNews.az