İradə İsaqın “Sönməyən ulduzlar”ı

20 Sentyabr 2012 10:50 (UTC+04:00)


Bu gün saat 21:45-də Azad Azərbaycan Televiziyasında (ATV) tanınmış telejurnalist İradə İsaqın "Sönməyən ulduzlar" verilişinin ilk buraxılışı efirə gedəcək.

Araşdırma janrındakı proqramda tamaşaçılara Azərbaycan mədəniyyəti incəsənət nümayəndələri, tarixi şəxsiyyətlər, eləcə də dünya estradasında xüsusi yeri olan tanınmış xadimlərlə bağlı bu günə qədər yayınlanmamış maraqlı faktlar təqdim ediləcək.

Verilişin ilk qonağı unudulmuş sənətkar, Əməkdar artist Məcnun Hacıbəyovdur. M.Hacıbəyov indiyə qədər efirdə səsləndirmədiyi fikirləri "Sönməyən ulduzlar"da açıqlayacaq. Verilişdə Əməkdar artistin Yaşar Nuridən inciməsinin səbəbi, Əliabbas Qədirovun onu teatrdan uzaqlaşdırmasının bu günə qədər gizli qalan məqamları, bütün ömrünü fəda etdiyi teatrın bir küncünə sığınmağa məcbur qalması, Həsənağa Turabovun teatrdakı səhvləri, rejissor Eldar Quliyevin onu kinodan uzaqlaşdırması səbəbləri kimi maraqlı məqamlara aydınlıq gətirəcək.

77 yaşlı aktyor öz arzularını, axirət dünyasına necə hazırlaşmasını da "Sönməyən ulduzlar"ın tamaşaçıları ilə bölüşəcək. M.Hacıbəyovun şok faktları, ittihamları, qalmaqalları gündəmə gətirəcəyi verilişin növbəti qonağı isə görkəmli sənətkar Süleyman Abdullayev olacaq.

E.Əlosmanqızı
AzNews.az