“VAZ“ oğruları saxlanıldı

27 Oktyabr 2014 13:23 (UTC+04:00)


AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 25-də Sabunçu rayonunun Maştağa qəsəbəsindən qəsəbə sakini Elxan Yusifova məxsus "VAZ-21061" markalı avtomobil qaçırılıb.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin qəsəbə sakini Vüqar Əzizov tərəfindən qaçırılması və idarə edilərkən yolun kənarındakı ağaca vurması müəyyən edilib və o, tutulub.

Digər avtomobil oğurluğu Siyəzən rayonu ərazisində qeydə alınıb.

Oktyabrın 26-da Bakı şəhər sakini Murad Vəliyev Siyəzən RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün saat 07 radələrində Sarvan kəndində "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.

Siyəzən RPŞ və Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elman Qədirov tutulub.

Bundan əlavə oktyabrın 26-da Yevlax şəhərindən şəhər sakini Vüqar Məmişova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. BDYPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün şəhər ərazisində tapılıb, onu qaçırmış şəhər sakini Orxan Nəbiyev isə Yevlax RPŞ-nin əməkdaşları tərəfindən tutulub.