Qırğızıstanda ruslar qaldı, amerikalılar isə gedir

20 Sentyabr 2012 13:46 (UTC+04:00)


Qırğızıstana səfər edən Rusiya prezidenti Vladimir Putin Qırğızıstandakı rus hərbi bazasının müqəddəratını həll edib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, Putin 2 məsələni birdən yoluna qoyub. Belə ki, ikitərəfli görüş zamanı Qırğızıstanın Rusiyaya 500 milyon dollar həcmində borcu və Rusiya hərbi bazasının mövcudluğu məsələsi öz həllini tapıb.

Verilən məlumata görə, prezidentlər 2017-ci ildən qüvvəyə minəcək müqavilə imzalayıblar. Müqavilənin qüvvədə olma müddəti isə 15 ildir. Müqavilənin şərtinə görə bu müddət başa çatdıqdan sonra qarşılıqlı razılaşma əsasında tərəflər 5 illik uzatma səlahiyyətlərinə malikdirlər.

İcarə haqqına gəldikdə isə Rusiya Qırğızıstana illik 4.5 milyon dollar vəsait ödəyəcək.

Putin məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, Rusiya hərbiçilərinin Qırğızıstanda qalması böyük hadisədir. Bu Rusiyaya terrorçuluqla mübarizə aparmaqda yardımçı olacaq. Almazbek Atambayev isə ABŞ-ın maraqlarına toxunacaq bəyanat səsləndirib.

O, bildirib ki, ABŞ-ın "Manas" hərbi bazasının müqaviləsi 2014-cü ildə bitir və bu müddət bitdikdən sonra müqavilə yenilənməyəcək. O, həmçinin qeyd edib ki, ABŞ hərbi bazası mülkiləşdiriləcək və yük daşımalarında istifadə olunacaq.

O, ki qaldı Qırğızıstanın Rusiyaya olan borcuna, borcun 300 milyon dollara qədər olan hissəsi artıq silinib. Bu barədə məlumatı Rusiyanın Maliyyə nazirinin müavini Sergey Storçak bildirib.

Xatırladaq ki, bundan əvvəl Rusiya müqavilənin 49 illiyə bağlanmasında israr edirdisə, rəsmi Bişkek müqavilənin yalnız 5 illik bağlanmasına maraq göstərirdi. Görünən odur ki, hər iki tərəf güzəştə gedərək razılığa gələ biliblər. Burada borc faktorunun da önəmli olduğu şübhəsizdir.

Sadiq Musa
AzNews.az