Aslan Şirinov: “Dövlətin teatr adamlarına verdiyi məvaciblə ailə dolandırmaq mümkün deyil”

21 Sentyabr 2012 05:25 (UTC+04:00)


Akademik Milli Dram Teatrının aktyoru Aslan Şirinovun AzNews.az-a müsahibəsi

- Teatr mütəxəssisləri, aktyor və aktrisalar mətbuata açıqlamalarında bir fikir səsləndirir: "Bir teatrda ki, baş rejissor yoxdur, orada inkişafdan danışmağa da dəyməz". Bu, Akademik Milli Dram Teatrının ünvanına deyilən bir iraddır?

- Akademik Teatr yaranandan bu günə kimi həmişə baş rejissor statı olub. Biz baş rejissoru sınadıq. Ola bilsin ki, Mərahim Fərzəlibəyov deyil, onun yerinə bir başqa rejissor olsaydı, gözləmədiyimiz şeylər baş verərdi.

- Bəlkə etimad doğrulmadığı üçün baş rejissor ştatı ləğv olundu?

- Yox bu deyil. Mərahim Fərzəlibəyov təcrübəli adamdır. Bir də ki, tək o, deyil, bütün rejissorlar kənarlaşdı. İndi rejissorlar teatra dəvət edilir, onlara əsər verilir və səhnəyə qoyulur. Məncə, bu ən doğru variantdır.

- Axır vaxtlar teatr barəsində müzakirələr artmaqdadır. Kim gəldi bu sənət barəsində fikir yürüdür. Ümumiyyətlə, teatr haqqında danışmağa, fikir yürütməyə kimlərin haqqı çatır?

- Hamının. Teatr xalqa məxsusdur. Amma bir vacib məsələ var.

- Nədir o vacib məsələ?

- Gərək müzakirələri hərə öz prizmasından etməsin. Bunun üçün illərini teatra, sənətə həsr edən tənqidçilər var. Bir ənənə yaranıb. Hərdən teatr adamlarını da şou-bizneslə qarışdırırlar. "Flənkəs ağladı", "səhnədə pariki düşdü" və s. kimi atmacalar. Səhnə canlı bir sənətdir. Snyon da düşə bilər, hələ paltarı da cırılar. Səhnədə aktyorun nəfəsini hiss edirsən. Bəzən bir balaca səhnə 6 aya başa gəlir. Amma şou-biznesdə o 3 dəqiqədə müzakirə edilir.

Teatrdan danışanda həssas olmaq lazımdır. Bu gün teatrdan məşğul olan adamlar sözün əsl mənasında fədaidirlər. Vaxt vardı ki, bu sənətin içərisində olan adamlar dövlət qayğısı görürdü. Ev, maşın, istirahət, nə bilim nələr-nələr. Amma görün biz neçə illərdir ki, bu gülməli məvacibə dözüb dururuq. Dövlətin teatr adamlarına verdiyi məvaciblə ailə dolandırmaq mümkün deyil. Bəs, biz niyə dözürük? Çünki, işimizi sevirik.

- Yazarlar, əsər müəllifləri giley-güzar edirlər ki, onların teatrlara verdiyi əsərlərə quruluş verilmir...

- Bunu biz də eşidirik. Deyirlər ki, onların işi teatr rəhbərliyi tərəfindən rədd olunur. Bunu müəlliflər çox ürəklə deyir. Amma bir az insaflı olmaq lazımdır. Axı onların əsərlərinin qəbul olunan vaxtları da olub. Mənim ayağımı tapdalayan yoxdursa, mən dinib-danışmaram. Teatr adamların bu sənətlə bağlı fikirlərini eşidəndə mən təəccüblənirəm. Düşünün teatrın bir dənə də olsa reklamı yoxdur. Bütün hər yer kommersiyadır. Əgər teatr milli sərvət sayılırsa, onun rəhbəri düşünməlidir ki, gündə 4 dəqiqədə tamaşaların reklamını vermək bizə problem deyil.

- Əgər problem deyilsə, o zaman tamaşaların reklam rolikləri teleekranlardan niyə yayımlanmır?

- Bildiyimə görə o reklam üçün elə böyük pullar tələb edirlər ki, eşidəndə dəli olursan. Onların gözündə teatr, səhnə şou bazarıdır. Biz burada bizneslə məşğul olmuruq. Belə olmaz. Biz sadəcə seriallar vasitəsilə reklam oluna bilərik. Küçədən keçən insanlar, şofer, qabyuyan hamısı seriallardadır. Qabyuyan çəkiliş zamanı yemək işinə də baxır, rola da çəkilir. Bu bir güllə ilə 5-6 dovşan vurmaq kimi bir şeydir. Qeyri-peşəkarlar gündəmdədir. Amma peşəkarlar isə kənarda qalıb.

- Elə biri siz, niyə kənarda qalıbsınız?

- Düşünürəm ki mən niyə gedib havayı çəkilməliyəm? Yaxuda öz əməyimi niyə ucuz satmalıyam? Axı onu çəkənlər sənətin nə olduğunu dərinliyi ilə anlamır. Bizdə hər şey reklama bağlıdır. Azərbaycanda qabyuyanı məşhur "aktyor", yaxud da "müğənni" etmək olar. Nədir ki, reklam olunurlar. Kütlə şou tələb edir. Bu gündəmdədirsə deməli, pulu da var, sənəti də. Akademik teatrda möhtəşəm aktyorlar var.

- Deyirsiniz ki, tamaşaların reklamı üçün telekanallar pul istəyir. Dövlət kanalları da pul istəyir?

- Mən dövlət adamı deyiləm. Ona görə də danışa bilmərəm. Hər şey reklamdan asılıdır.

- Xalq artistləri üsyan edir. Deyirlər ki, Akademik Milli Dram Teatrının səhnəsində erotika nümayiş olunur...

- Söhbət hansı tamaşadan gedir?

- Rejissor Nicat Kazımovun "Kabuslar" tamaşasından...

- Nəyisə müdafiə etmək lazımdırsa, kimisə suçlamaq nəyə lazım. Harada kino, harada teatr varsa, orada qalmaqal var. Orada erotika yoxdur, musiqi altında rəqsdir. Gənc Tamaşaçılar Teatrında Cənnət Səlimovanın quruluş verdiyi elə səhnələr var ki... Bunlar ona baxsalar nə deyərlər? Mən düşünürəm ki, həmin xalq artistləri o səhnələri görməyib.

- "Ramoe və Cülyetta"dan danışırsınız?

-Bəli. Axırda Cülyettanın ölüsü ilə... Əgər biz həmin tamaşaya həmin Xalq artistinin baxışı ilə baxsaq, deyərik ki, əsl erotika budur. Kimi şəhvət, kimi də adi gözlə baxır. Belə səhnələrin ən yaxşı variantını Rasim Ocaqov çəkib -"Beşmərtəbəli evin altıncı mərtəbəsi". Filmlərimizdə bəyəm yoxdur? "Babək" filmində Amaliya xanımla Rasim Balayev səhnəsi var. Nədən də olmasın? Çox qəribə şeydir. Sakira gəlir. Bizimkilər Şakiradan ötrü özlərini öldürəcəklər. Vay o günə ki, bizimkilərdən kimsə Şakira kimi səhnəyə çıxsın. Gör ona nə edəcəklər? Ağızlarına gələni danışacaqlar. Başqası şou göstərir, amma o bizimkilər tərəfindən təkrarlananda olur əxlaqsız. Niyə başqasına əl çalırıq, özümüzünkünə əxlaqsız deyirik?

Bahar RÜSTƏMLİ
AzNews.az