Bakıda Türkiyənin müstəqillik günü qeyd edildi - FOTOLAR

29 Oktyabr 2014 22:58 (UTC+04:00)



AzNews.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan tədbir Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Hər iki himni müğənni Tünzalə Ağayeva səsləndirib.
Səfir İsmayıl Alper Coşqun çıxışının əvvəlində Türkiyə prezidenti Ərdoğanın məktubunu oxuyub. Daha sonra o, cümhuriyyətin 91 il əvvəlki tarixinə və Türkiyə xalqının Mustafa Kamal Atatürkün rəhbərliyi altında vətənini işğalçılardan qorumaq naminə apardığı mübarizəyə toxunub.

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinə də toxunan səfir vurğulayıb ki, ikitərəfli əlaqələrin inkişafında dövlət və hökumət başçılarının, onların təşəbbüsü ilə gerçəkləşən birgə layihə və sazişlərin müstəsna rolu var. A.Coşqun bildirib ki, Türkiyə və Azərbaycan iqtisadi cəhətdən inkişaf etdikcə, gələcəyə daha da inamla addımlayırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də danışan səfir Azərbaycanın işğal altında olan ərazilərinin tezliklə azad edilməsinin vacibliyini bildirib. O, qeyd edib ki, Dağlıq Qarabağ məsələsi təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının problemidir. Səfir əəlavə edib ki, Türkiyə bu məsələdə hər zaman Azərbaycanın yanındadır.

Mərasimdə Azərbaycan hökumətini təmsil edən baş nazirin müavini Abid Şərifov Prezident İlham Əliyevin adından əlamətdar gün münasibətilə bütün Türkiyə xalqını təbrik edib, qardaş ölkəyə firavanlıq və uğurlar arzulayıb. O, bildirib ki, qardaş ölkələr arasında elm, təhsil, iqtisadiyyat, mədəniyyət və hərbi sahələrdə sıx əməkdaşlıq var. A.Şərifov hər iki ölkənin beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəklədiyini və eyni mövqedən çıxış etdiyini vurğulayıb. O, Azərbaycanda həyata keçirilən bir sıra strateji layihələrdə Türkiyədən olan şirkətlərin fəal iştirak etdiklərini, bunun da hər iki ölkənin iqtisadiyyatının inkişafına xidmət etdiyini qeyd edib. Yaxın 5-6 ildə Türkiyəyə 20 milyard dollara qədər Azərbaycan investisiyalarının qoyulacağını vurğulayıb. Abid Şərifov Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nümayiş etdirdiyi qardaşlıq mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.

Qeyd edək ki, ziyafətdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, türkiyəli iş adamları, müxtəlif partiya və QHT-lərin rəhbərləri və digər ictimaiyyət nümayəndələri, bir sıra tanınmış sənət adamları iştirak ediblər.

Ziyafətdən fotoları təqdim edirik: