İŞİD snayperləri işə saldı

31 Oktyabr 2014 18:54 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, Şimali İraqdan göndərilən peşmergelərin Türkiyə sərhədindən Kobaniyə keçməsinin gözlənildiyi bir anda İŞİD yenidən fəallaşıb.

Bu gün günorta saatlarında anti-İŞİD koaisiyası tərəfindən İŞİD-in mövqelərinə hava zərbələri endirilsə də, terror qruplaşması hücuma keçib.

2 gün əvvəl sərhədi keçərək PKK ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparan Azad Suriya Ordusu üzvlərinin qatıldığı döyüşlərdə terror qruplaşmasının taktikasını dəyişdiyi müşahidə olunub. Belə ki, İŞİD tərəfdən snayperlə daha çox atəş açıldığı və qarşı tərəfin çoxlu itki verdiyi məlum olub.

Kobanidə yüksək mərtəbəli binaları ələ keçirən İŞİD üzvləri mövqelərindən istifadə edərək uzaq mənzilli snayperlərlə kürd yaraqlılarına çətin anlar yaşatmağa başlayıb.

Bu arada İŞİD həm də Kobaninin mühasirəsini başa çatdırmaq üçün Mürşitpınar sərhəd məntəqəsinə də hücumları intensivləşdirib. Səhra topları ilə sərhəd məntəqəsi intensiv atəş altında saxlanılıb.