“İlk” “Öncə” sözləri bir yerdə yazıla bilərmi ?
1 Noyabr 2014 12:59 (UTC+04:00)
AzNews.az xəbər verir ki, dilçi alim Şahlar Göytürk isə "ilk öncə" sözlərinin birlikdə işlənməsini səhv edənlərə cavab yazıb. Dilçi alim "ilk öncə" sözünün XX əsrin birinci yarısından işlənməyə başladığını deyir.
Məsələn,
Mən gurultu qoparmağı ilk öncə
Alov gözlü şimşəklərdən öyrəndim (M. Müşfiq).
Keçən əsrin əvvəllərində "ilk" sözü "əvvəl" sözü ilə də işlənirdi. Məsələn: "İstiqlalımıza təcavüzə qarşı ilk əvvəl üsyana qalxan özüm olacağam".
Alim hesab edir ki, nitqdə "ilk" sözünün "ən" mənası da özünü göstərir.
"İlk əvvəl - ən əvvəl. Anlayış eyni, ifadə formaları fərqlidir. Əgər "ilk" sözünün öncə zaman zərfi ilə işlənməsinə dildə tarixən ehtiyac olsaydı, 5 əsr qabaq da işlənə bilərdi. Belədirsə, nə üçün bu proses dildə gec baş verib?
Əvvəlcə, qısa şəkildə bu sözlərin nitq hissəsindəki yeri barədə danışaq. "İlk" və "öncə" sözləri ayrı-ayrı nitq hissəsidir. "İlk" sözü sifət, "öncə" isə zaman zərfidir. Sinonim sözlər deyil. "İlk" sözü müstəqil şəkildə zərf kimi işlənə bilmədiyi üçün mütləq özündən sonra zaman anlayışı tələb edən sözlə işlənməlidir. Məsələn, ilk gündən, yəni, birinci gündən. Digər hallarda "ilk" sözü sifət olduğu üçün özündən sonra isim tələb edir. Məsələn, ilk arzum, ilk baxış, ilk sıra və s".
İzahlı lüğətə müraciət edən Ş. Göytürk "ilk" sözünün beş mənasının verildiyini qeyd edir:
"Birinci, əvvəlinci, lap birinci, lap əvvəl (ilk gündən, yəni birinci gündən), başlıca, əsas, ən vacib, ən mühüm (İlk amalım- yəni, əsas, başlıca amalım və s), əvvəlcə, görən kimi, baxan kimi və ilkin şəklində. Buna baxmayaraq, sonuncu bənddə "ilk öncə" sözünün "ən birinci olaraq", "əvvəlcə" mənaları verilib. "Öncə" sözünə gəlincə, bu sözün lüğətdə iki mənası verilib. 1.Qabaqca, əvvəlcə, birinci olaraq. (Öncə ona söz verdilər) 2. Vaxtında, qabaqcadan. (Tədbiri öncə görmək lazımdır).
Deməli, sualımızın izahı məhz "öncə" sözünün birinci mənası ilə bağlıdır. Əvvəlcə, birinci olaraq. Məsələn, Öncə mənə söz verin! (yəni, hamıdan qabaq, lap birinci, birinci olaraq, əvvəlcə). Sual olunur: "Belə olan halda "ilk" sözünün işlədilməsinə ehtiyac varmı? Təbii ki, yox!"
Bəzən sözün işlənməsi vəziyyətdən, fikrin emosionallığından asılı olduğunu deyən dilçi alimin sözlərinə görə, müqayisə etdikdə bunu açıq şəkildə görmək olar:
"İlk öncə - ilk əvvəl. Yəni bunların hər ikisi işlənir. Nə üçün "ilk öncə" sözü dildə işlənə bildiyi halda, "ilk əvvəlcə" sözü işlənmir? Axı bunlar eyni qrammatik göstəriciyə malik sözlərdir. "İlk öncə" işlənirsə, "ilk əvvəlcə" də işlənməli idi. Onda "ilk əvvəl" məntiqi ilə "ilk öncə" yox, "ilk ön" işlənməlidir.
Bu anlaşılmazlığın səbəbi həmin sözün və şəkilçinin inkişafı ilə bağlıdır. Elə buna görə də -ca, -cə şəkilçisinin dilçilikdə yeri tam dəqiqləşdirilməyib. Ali və orta məktəb dərsliklərində düzəltmə zaman zərfi kimi "öncə" sözünün izahı ilə bağlı heç bir məlumat verilmir".
Alim ümumiyyətlə, çağdaş dərsliklərin əksəriyyətinin köhnə dərsliklərin əsasında yazıldığını və dilə praktik cəhətdən yanaşılmadığını, normativlərin əvvəlki gələnəklər üzərində qurulmasından gileylənib:
"Ca, -cə şəkilçisinə geniş toxunmaqda məqsədim var. Ən azı ona görə ki, "ön" və "əvvəl" sözləri -ca, -cə şəkilçisi ilə də işlənir. İlk ön+cə, əvvəl+cə..
Bu şəkilçi dildə hansı mənaları ifadə edir? Dolaşıqlığa diqqət edək:
1. -ca, -cə morfoloji üsulla sifətin çoxaltma dərəcəsini yaradır: xırda+ca, zorba+ca.
2. -ca, -cə qüvvətləndirici ədat kimi də işlənir: olduq+ca, zorba+ca , bollu+ca (diqqət edin, eyni söz (yəni, zorbaca) həm sifət, həm də qüvvətləndirici ədat kimi verilib).
3. -ca, -cə fikrin mənbəyini bildirən modal söz kimi verilir: mən+cə, sən+cə, biz+cə ..
4. -ca, -cə şəkilçisi isimdən zərf düzəldir: türkcə, rusca və s (vurğusuz)
5. -ca, -cə zərfdən zərf düzəldir. yavaş+ca, indicə
6. -ca, -cə sifətdən zərf düzəldir: xəfif +cə.
7. Q.Kazımov bir qədər irəli gedərək adverbiallıq yaradan bu şəkilçiyə (öncə sözünü işlətmir) "əvvəlcə" sözünü də nümunə gətirir. Hər bir dilin öz xüsusiyyəti var. Bu, o demək deyildir ki, başqa dildə mövcud olan hansısa xüsusiyyət mütləq bizim dildə də öz əksini tapmalıdır. İnkişaf, dildə gedən dil daxili proseslər dili sadələşdirir. Dil düşüncə və məntiq məsələsidir. Müqayisə edək:
Mənim əvvəlim (başlanğıcım)
Mənim önüm....(ön tərəfim, üzə tərəf olan, qabağım)
Yaxud:
Paxıllıq ilk öncə insanını özünü məhv edir.(fikir bitir).
Paxıllıq öncə insanın özünü məhv edir...(fikir bitmir, əksinə, ehtiyac var)
Göründüyü kimi," ilk" sözü "öncə" demək deyil. Bir əsrə yaxındır dilimizdə işlənsə də, "o qədər də uğurlu birləşmə deyil. Düşünmək olar ki, "ilk öncə" sözü keçən əsrin əvvəllərindən Türkiyə türkcəsindəki "öncəliklə", "daha öncə olaraq" birləşməsinin qarşılığı olaraq dildə formalaşıb və bunu tavtologiya adlandırmaq doğru deyil. Dilimizdə "öncəliklə" sözü artıq işlənməyə başlayıb".
AzNews.az