Dövlət Departamenti: “Biz Putinin partiyasını maliyyələşdirmişik”

21 Sentyabr 2012 09:22 (UTC+04:00)


USAİD-in Rusiya ofisinin bağlanmasına ABŞ-dan sərt cavab gəldi. Rusiya seçkilərinə təsir etməkdə günahlandırılan və bu səbəddən də bağlanılan USAİD Rusiyanın baş ağrısına çevrilə bilər.

Belə ki, AzNews.az-ın en.rian.ru saytına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin təmsilçisi Viktoriya Nuland bildirib ki, USAİD tərəfindən ən çox maliyyələşdirilən partiya Putinin "Vahid Rusiya" partiyası olub. O, Putinin partiyasının bir neçə proqram xəttilə maliyyələşdirildiyini desə də proqramların adını açıqlamayıb.

O, həmçinin təşkilatın oktyabrın birində bağlanması ilə bağlı məsləyə də aydınlıq gətirib və bildirib ki, böyük ehtimalla tarix may ayına qədər uzadılacaq. Nuland bildirib ki, oktyabrın 1-dən USAİD Rusiyada yeni proqramlar həyata keçirməyəcək. Bu vaxt onlara sadəcə icrası həyata keçirilən proqramları yekunlaşdırmaq üçün lazımdır.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin açıqlaması Rusiya müxalifəti üçün yeni təzyiq vasitəsi ola bilər. Bəzi ekspertlər bu açıqlamanı təsadüfi hesab etmirlər və bildirilər ki, bu, Rusiya müxalifətinə Putinə təzyiq etmək üçün verilmiş əlavə kartdır.

Sadiq Musa
AzNews.az