Rusiya XİN Azərbaycana cavab verməyəcək

21 Sentyabr 2012 12:30 (UTC+04:00)


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın notasına cavab verməyə hazırlaşmır. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya XİN-dəki etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Rusiya XİN Azərbaycan tərəfinin Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin ermənilərin sentyabrın 14-də Moskvada keçirdiyi mitinqdə çıxışı ilə bağlı etiraz notasına cavab vermək niyyətində deyib: "Adətən biz diplomatik notalara şərh vermirik.

Onu da bildirmək istəyirik ki, Azərbaycan tərəfinin Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırması və nota verilməsi haqqında xəbəri ictimaiyyətə bu səviyyədə təqdim etməsi bizi təəssüfləndirir. İki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir. Rusiya münasibətlərin daha da inkişaf etdirilməsinin tərəfdarıdır".

Mənbə bildirib ki, Azərbaycan tərəfinin notasından sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun xahişi ilə onunla Rusiya XİN başçısının müavini Qriqoriy Karasin arasında görüş keçirilib. Görüş zamanı Vladimir Jirinovskinin məlum çıxışı müzakirə olunub: "Azərbaycan tərəfinin narahatlığını başa düşürük. Biz deputatın sözlərinə cavabdeh deyilik. Əlbəttə ki, onun söylədikləri Rusiya dövlətinin mövqeyini əks etdirmir. O, adi şəxsdir, baxmayaraq ki, Rusiya Dövlət Dumasının deputatıdır".

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin sentyabrın 18-də Xarici İşlər Nazirliyinə çağırılaraq, nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

X. Xələfov Rusiya səfirinə sentyabrın 14-də Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etiraz bildirib. Azərbaycan tərəfinin etiraz notası Rusiya səfirinə təqdim olunub.

AzNews.az