Çar Rusiyasına qarşı Salyanda necə döyüşüblər? – Təfərrüat (VİDEO)
5 Noyabr 2014 12:13 (UTC+04:00)
2 gün davam edən döyüşlərdə hakim Əmir Yaqub bəyin qoşunları çar Rusiyası işğalçılarına qarşı son anadək qəhrəmanlıqla vuruşub, lakin təəssüf ki, Çar Rusiyası və Sovet hakimiyəti illərində bu qəhrəmanlıq tarixi saxtalaşdırılıb.
AzNews.az xəbər verir ki, qərb tarixçilərinin Şərqin unudulmaz savaşı adlandırdıqları Salyan döyüşü haqqında məlumatlara bu günə kimi tarixi mənbələrdə rast gəlmək mümkün deyil. Halbuki, Azərbaycanın bütün bölgələrində tarixən vətənin hər qarış torpağı uğrunda ölüm-dirim mübarizəsi gedib, tarixin bütün dövrlərində yerli əhali düşmənə qarşı mərdliklə mübarizə aparıb və heç zaman işğalla barışmayıb.
Tarixçi Sahib Həsənov bildirib ki, yerli mənbələrdə rast gəlinməyən maraqlı faktlar Fransız tarixçisi Jan Junionun "Unudulmuş qəhrəmanlar" kitabında üzə çıxıb.
"Kitabda Salyan döyüşünün 1806-cı ilin payızında Kürün Şirvan tayında baş verdiyi bildirilir. Çar generalı Pyotr Fyodoroviç Nebolsin Salyan şəhərini işğal etmək üçün hücuma keçir. O vaxt Salyanın hakimi olan Əmir Yaqub bəyin qoşunu yox idi, yalnız bir neçə silahlısı vardı. Tezliklə yerli hakimin əmri ilə səfərbərlik elan edilir, qısa müddətdə xeyli sayda könüllü toplanılır. Nebolsin güman edirdi ki, təlim görməyən könüllülərdən və təcrübəsiz sakinlərdən ibarət olan Əmir Yaqub bəyin əsgərlərini bir həmlədə mühasirəyə alıb onları təslim edəcək. O gecə Əmir Yaqub öldürülən əsgərlərin tüfəng və sursatını savaşda iştirak etmək üçün gələn könüllülərə verir. Döyüşün ikinci günü Nebolsinin qoşunları Əmir Yaqub bəyin əsgərlərini top atəşinə tutur. Əmir Yaqub bəyin əsgərləri bu qeyri-bərabər döyüşdə əsl sücaət göstərirlər. Döyüşdə Əmir Yaqubun özü yaralansa da düşmənə təslim olmur, mübarizəsini davam etdirir, lakin çox keçmir ki , düşmənin ikinci gülləsinə tuş gəlir və bir daha ayağa qalxa bilmir. İki gündən sonra o, dünyasını dəyişir. Beləliklə, Nebolsin Salyanı işğal edir. Salyan döyüşü Şərqin unudulmaz şiddətli savaşlarından hesab olunur", - deyə Sahib Həsənov vurğulayıb.
Tarixçinin fikrincə, bu döyüşün dərin araşdırmalara ehtiyacı var, çünki bu döyüşdə Azərbaycan tarixinin dərin və qəhrəmanlıqlarla dolu sirrləri yatır.